“Son illərdə pensiyaların artması göstərir ki, sosial sahə dövlət üçün prioritetdir. Orta aylıq pensiyanın 208 manatdan 540 manata yüksəlməsi ciddi irəliləyiş hesab olunur. Yaşa görə pensiyanın 234 manatdan 575 manata çatması da bu artımın davamlı olduğunu göstərir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Azər Bayramlı deyib.
O qeyd edib ki, gələn il üçün gözlənən yeni rəqəmlər də pensiyalarda artım tendensiyasının davam edəcəyini göstərir:
“Pensiyaların maliyyələşməsi üçün ayrılan vəsaitin 7,9 milyard manata çatması sosial xərclərin genişləndiyini göstərir. Amma bu artımı qiymətləndirərkən inflyasiyanı da nəzərə almaq lazımdır. Çünki pensiyanın məbləği artsa da, qiymətlər də eyni dövrdə yüksəlirsə, real gəlir əvvəlki kimi qalmaya bilər. Ona görə əsas məqsəd gələcəkdə həm nominal artımı, həm də alıcılıq gücünü qorumaq olmalıdır. Bu prosesin davamlı olması üçün iqtisadiyyatın stabilliyi mühümdür. Xüsusilə qeyri-neft sektorunun böyüməsi və məşğulluğun artması pensiya fondunun dayanıqlığını gücləndirə bilər. Göstərilən rəqəmlər müsbət dinamikanı təsdiqləyir, lakin iqtisadi tarazlıq da paralel olaraq qorunmalıdır”.
Leyla Turan Demokrat.az


