Gündəm Özəl

Bu ərazilərdə çoxlu sayda əmlak kütləvi şəkildə satışa çıxarılır: Səbəb NƏDİR?

Bu ərazilərdə çoxlu sayda əmlak kütləvi şəkildə satışa çıxarılır: Səbəb NƏDİR?

"Ölkənin böyük şəhərlərində, xüsusən paytaxt Bakı, Xırdalan və Sumqayıtda daşınmaz əmlakların satış qiymətlərində son illər kəskin artım müşahidə olunur. Qiymətlər artsa da, son 3–4 ildə bazarda ciddi durğunluq var. Bu durğunluq bir qədər də davam edərsə, artıq qiymətlərin müəyyən qədər enməsi qaçılmaz olacaq".

Bunu Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O, bildirib ki, əvvəllər alıcıların böyük hissəsi müxtəlif növ ipoteka kreditlərindən yararlana bilirdi:

"Son 4 ildə satılan əmlakların təxminən 60%-dən çoxu kreditlə rəsmiləşdirilirdi. Lakin qiymətlərin kəskin artması vətəndaşların ipoteka yolu ilə mənzil əldə etməsini çətinləşdirir. Əsas problem satış qiymətləri artdıqca ilkin ödənişin və aylıq ödənişlərin də bahalaşmasıdır. Bu isə alıcıları geri çəkir. Vətəndaş dövlət ipotekasından yararlanmaq istədikdə aylıq ödəniş yüksək hesablanırsa, çox vaxt əmək haqqı həmin kreditə uyğun gəlmir. Bu səbəbdən son aylarda alıcıların böyük qismi paytaxt ətrafı ərazilərə üstünlük verir. Xüsusilə çıxarışlı fərdi evlərə tələbat artır".

Ekspert bildirib ki, bununla yanaşı, Bakı ətrafı ərazilərdən, o cümlədən, Xırdalan və digər zonalardan çoxlu sayda əmlak kütləvi şəkildə satışa çıxarılır:

"Bu kütləviləşmənin əsas səbəbi həmin istiqamətlərdəki ciddi tıxac və sıxlıqdır. Vətəndaşlar tıxac yükündən qaçmaq üçün evlərini satıb paytaxtın daha mərkəzi hissələrinə köçməyə çalışırlar. Kütləvi satış isə həmin ərazilərdə rəqabəti artırır və qiymətlərin enməsinə səbəb olur".

Onun sözlərinə görə, hazırda alıcıların böyük qismi gözləmə mövqeyi tutur:

"Əgər 2026-cı ilin əvvəlinə qədər bazarda durğunluq davam etsə, çoxları əmlak qiymətlərinin minimum həddə düşməsini gözləyəcək".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova