“Regionlarda avtomobil satışının təşkili və regional bazarların qurulması ümumilikdə müsbət tendensiyadır. Bu, ticarətin şaxələnməsi və logistika xərclərinin azalması baxımından qiymətlərə də müsbət təsir göstərir. Lakin Ağdam hələ yeni məskunlaşma mərhələsindədir və kütləvi köç prosesi başlamayıb. Əhalinin yerləşdirilməsi tam formalaşmadığı üçün bu ərazidə bazar münasibətlərinin yaranması üçün tələb olunan demoqrafik baza da hazır deyil”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.
O bildirib ki, hazırkı şərtlərdə Ağdamda avtomobil bazarının yaradılması real görünmür:
"Çünki nə Ağdamda, nə də ətraf rayonlarda məskunlaşma prosesi tam başa çatıb. Yaxın bir neçə ildə də burada geniş ticarət mərkəzinin fəaliyyətə başlaması çətin görünür".
Ekspert qeyd edib ki, gələcək perspektivdən baxıldıqda Ağdamın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, eləcə də Aran, Mil və Muğan bölgələrinin ticarət mərkəzinə çevrilməsi mümkündür:
"Ərazilər ayrılarsa və iqtisadi canlanma davam edərsə, uzunmüddətli dövrdə rentabelli avtomobil bazarı formalaşa bilər. Buna bənzər model Gürcüstanda artıq tətbiq olunur. Ərazi baxımından Azərbaycandan kiçik olmasına baxmayaraq, ölkədə bir neçə avtomobil bazarı uğurla fəaliyyət göstərir".
Əfsanə Kamal Demokrat.az


