“Xəzər dənizinin səviyyəsi ilə bağlı son proqnozlar, xüsusilə də “ClimaCaspi” layihəsinin nəticələri bizim illərdir müşahidə etdiyimiz trendlərlə üst-üstə düşür. Hazırda regional iqlim dəyişiklikləri, Volqa hövzəsində su ehtiyatlarının azalması və buxarlanmanın sürətlənməsi Xəzərin su balansında ciddi mənfi dinamika yaradır”.
Bunu Demokrat.az-a açıqlamasında Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib.
O bildirib ki, 2050-ci ilədək səviyyənin 9–18 metr arası düşə biləcəyi ehtimalı, əlbəttə ki, riskli ssenaridir:
“Bu, dənizin tam quruması demək deyil, lakin xüsusən də şimal sahillərində geniş dayaz akvatoriyaların quruya çevrilməsi real görünür. Qazaxıstan və Rusiya sahillərində sahələrin geri çəkilməsi artıq bu gün də müşahidə olunur və bu proses sürətlənə bilər. Azərbaycan sahilləri üçün vəziyyət nisbətən stabil qiymətləndirilir. Bizim sektorda dənizin dərinlik quruluşu fərqli olduğundan tam quruma təhlükəsi yoxdur, amma sahil xətti geri çəkiləcək, bəzi körfəz və limanların fəaliyyətində çətinliklər yarana bilər. Bu, xüsusilə də dəniz nəqliyyatı, liman infrastrukturunun layihələndirilməsi və sahilyanı tikililərin təhlükəsizliyi baxımından diqqət tələb edir”.
S.Səfərov qeyd edib ki, səviyyə azalması ekosistemlərin pozulmasına gətirib çıxaracaq:
“Balıq ehtiyatlarında, xüsusilə də nərə balıqları populyasiyasında azalma təhlükəsi daha da güclənəcək. Bu da həm balıqçılıq təsərrüfatlarına, həm də biomüxtəlifliyə birbaşa təsir göstərəcək.
Sahilyanı turizm, yaşayış zonaları və kənd təsərrüfatı üçün də yeni reallıqlar yaranacaq. Gələcək planlaşdırmalar mütləq bu proqnozlara əsaslanmalıdır. Xəzər dənizi dinamik, iqlimə həssas bir su hövzəsidir və qarşıdakı onilliklərdə onunla bağlı qərarlar elmi məlumatlara söykənməlidir”.
Leyla Turan Demokrat.az


