Hadisə Özəl

Lənkəranda əri tərəfindən şiddət görən qadın onu bağışladı — MƏHKƏMƏ

Lənkəranda əri tərəfindən şiddət görən qadın onu bağışladı — MƏHKƏMƏ

Lənkəranda ər-arvad arasında ailə münaqişəsi zəminində yaranan mübahisə sonda cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin iyulun 17-də rayonun kəndlərindən birində baş verib.

1985-ci il təvəllüdlü Səməd Vəliyev həmin gün saat 11 radələrində yaşadığı evdə olarkən anası Esmiranın onun arvadı Zəhranı (ad-soyad şərtidir – red.) azyaşlı övladının evin dəhlizində elektrik xəttinə qoşulmaqla işə salınmış sərinkeşə yaxınlaşdığına görə ucadan səsləndiyini eşidib.

O, cəld dəhlizə çıxarkən qarşılaşdığı arvadına azyaşlı övladına nəzarət etməməsini irad bildirməsi ilə əlaqədar mübahisə edib.

Həmin mübahisə zamanı yataq otağının qarşısında yumruğu ilə qadının burun, sifət, sol əl və döş qəfəsi nahiyələrinə zərbələr vurub.

Hadisəni törədən S. Vəliyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, atası, anası, həyat yoldaşı, azyaşlı oğlu, qardaşı, qardaşı arvadı və sonuncunun iki azyaşlı uşaqları ilə birlikdə bir evdə yaşayır:

“Fəhləliklə məşğul oluram. İyulun 17-də, saat 11 radələrində evdə olmuşam. Həmin vaxt evdə anam, həyat yoldaşım və qardaşımın yoldaşından başqa kimsə yox idi. Həmin vaxt evin ikinci mərtəbəsində yataq otağında mobil telefonunu zaryatkaya qoşmuşdum ki, birinci mərtəbəyə düşərək yemək yeyim.

Azyaşlı oğlum da evin ikinci mərtəbəsində anamın Zəhranın olduğu otaqda olub. Mən anamın səsini eşidərək dərhal onun olduğu otağa qaçdım. Arvadım Zəhra da qaçaraq gəldi. Qardaşımın 5 yaşlı azyaşlı oğlu mənim oğlumu kənara çəkdi. Mən anamın otağına daxil olmamış dəhlizdə arvadımla rastlaşdım və ona irad tutdum ki, uşağa nəzarət etsin. Bu zaman arvadım üstümə qışqırmağa başladı.

Dəhlizdə aramızda mübahisə yarandı və mübahisə zamanı Zəhra mənim üstümə hücum etdi. Mən Zəhranı dəhlizdən öz otağımın qarşısına çəkdim. Zəhra həmin vaxt köynəyimin yaxasından tutdu və dartaraq mənə nalayiq söyüşlər söyməyə başladı.

Elə dəhlizdə yataq otağının qarşısında əsəbiləşərək onun burnuna yumruqla bir zərbə vurdum. Daha sonra üzünə də yumruqla vurdum. Zəhra mənim yaxamı buraxmadığı üçün yumruqla burnuna, üzünə, sol əlinə və sinəsinə vurdum. Onu döydüyüm üçün əməlimdən peşmanam”.

Bu işə Lənkəran Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də qadın ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci və Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işinin icraatına xitam verilib, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova