Kürdəmir rayonunda avtomobil almaq istəyən şəxs dələduzluqla üzləşib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Azad etibardan sui-istifadə etmə və aldatma yolu ilə 1981-ci il təvəllüdlü Kürdəmir rayonu, Muradxan kəndində yaşayan İsmətə 7500 manat müqabilində hərracdan ucuz avtomobil alacağı barədə inandıraraq yalandan vəd edib. O, İsmətin hissə-hissə olmaqla ümumilikdə 7500 manatı alaraq ələ keçirib.
Azadın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş İsməti ot daşıma fəslindən tanıyır: “2024-cü il tarixdə Kürdəmir rayonu, Muradxan kəndində İsmətə məxsus ot tayalarını daşımaq üçün həmin kəndə getmişəm. Kənddə olan zaman İsmətlə söhbət zamanı o, Pikap modelli avtomobili almaq istəməsini dedi. Ona hərracdan da ucuz avtomobil ala biləcəyini bildirdim. İsmətdə fikirləşərək bir cavab deyəcəyini dedi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Türkiyə Respublikasında olan zaman İsmətə zəng edib və ona Gürcüstan Respublikasına keçdiyini, avtomobil istəyib-istəmədiyini soruşub: “İsmət mənimlə razılaşdı. Sonra İsmətdən bank kartıma 7500 manat göndərməsini istədim. İsmət də avtomobil alınması üçün 7500 manat göndərdi. Həmin pulu şəxsi ehtiyaclarım üçün xərcləmişəm. Sonra həmin pulu İsmətə qaytarmağı düşünsəm də, maddi imkanım olmadığından pulu İsmətə qaytara bilməmişəm”.
Bu işə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmündə qeyd olunub ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb, dəymiş ziyanı tamamilə ödəyib.
Bundan əlavə təqsirləndirilən şəxsin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə müəyyən edilib.
Bununla əlaqədar təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə iclas zalından dərhal azad edilib.
Fariz Məlikli Demokrat.az


