"Son dövrlərdə aparılan psixoloji və mənəvi təbliğatlar milli dəyərlərimizə zidd istiqamətdə gedir. Gənclərin tərbiyəsinin maddi dəyərlər üzərində qurulması yeni nəslin mənəvi ölçüləri kənara ataraq yalnız maddi məqsədlərə yönəlməsinə səbəb olur. Milli mədəniyyətə aşağı münasibət formalaşır və mənəvi kriteriyalar əhəmiyyətsiz hesab olunur".
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
"Müxtəlif təbliğat vasitələri gənclərin şüurunda maddi uğuru yeganə məqsəd kimi təqdim edir. Bu isə bəzi gənclərdə maddi qazancı hər yolla əldə etmə düşüncəsini gücləndirir və onları milli dəyərlərə lağ edən, onları mənasız sayan bir yanaşmaya aparır. Nəticədə min illərdir formalaşmış mənəvi dəyərlər sistemi zəifləyir və sağlam düşüncəli nəsil yetişdirmək çətinləşir".
O bildirib ki, kapitalizmin təsiri də bu prosesi sürətləndirir və insanları yalnız maddi həzlərə yönəldir:
"Bu yanaşma dəyərlərin arxa plana keçməsinə səbəb olur. Ailələrdə və məktəblərdə də mənəvi tərbiyənin zəifləməsi vəziyyəti daha da ağırlaşdırır. Məktəblərdə tərbiyə işi kənara qoyulur və nəticədə milli mənəvi dəyərləri mənimsəməyən bir nəsil yetişir.
Bu vəziyyət müxtəlif neqativ hadisələrdə özünü göstərir. Sosial şəbəkələrdə də gənclərin milli dəyərlərə laqeyd, bəzən hətta təhqiredici münasibəti görünür və bu, müasirlik adı altında formalaşdırılan yanlış bir yanaşmanın nəticəsidir.
Hesab edirəm ki, biz yenidən milli köklərimizə qayıtmalı, ailədə və məktəbdə uşaqların tərbiyəsini milli mənəvi dəyərlər əsasında qurmalıyıq. Media da bu istiqamətdə fəaliyyət göstərməlidir. Filmlər, seriallar və verilişlər mənəvi dəyərlərin təbliğinə xidmət etməlidir. Əks halda bu cür xoşagəlməz hadisələr daha da artacaq".
Əfsanə Kamal Demokrat.az


