Siyasət Özəl

"Xəzərəyanı ölkələrin ortaq maraqları olmaqla yanaşı, ziddiyyət doğuran məsələlər də mövcuddur"

Xəzərəyanı ölkələrin ortaq maraqları olmaqla yanaşı, ziddiyyət doğuran məsələlər də mövcuddur

"Xəzərəyanı ölkələrinin rəsmi təmsilçilərinin toplantıları həmişə olduğu kimi yenə də böyük əhəmiyyət daşıyır. Çünki Xəzərəyanı regionu olduqca əhəmiyyətli və strateji bir əhəmiyyət kəsb edir. Bu region, Xəzər sahillərində yerləşən dövlətləri birləşdirməklə yanaşı, əslində transit xarakterli bir ərazidir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

"Avropa və Asiya arasındakı nəqliyyat-kommunikasiya xətləri böyük ölçüdə məhz Xəzərəyanı regiondan keçir. Yəni Cənubi Qafqaz, Xəzərəyanı və Orta Asiya üzrə bu xətlər inkişaf etdirilir. Bu baxımdan Xəzərəyanı ölkələr arasındakı əməkdaşlıq, tərəfdaşlıq və bir çox sahələr üzrə strateji münasibətlər olduqca böyük əhəmiyyət daşıyır.

Onu da nəzərə almaq lazımdır ki, Xəzərəyanı region üzrə geosiyasi proseslər son dövrlərdə tamamilə fərqli məzmun daşımağa başlayıb. Bu region üzrə təhlükəsizlik hədəfləri və prioritetləri kifayət qədər müxtəlif istiqamətlərdə formalaşır".

Onun sözlərinə görə, hazırda Xəzəryanı region ölkələrinin ortaq maraqları olmaqla yanaşı, ziddiyyət doğuran məsələlər də mövcuddur:

"İlk növbədə həmin ziddiyyət doğuran məsələlərin həlli böyük əhəmiyyət kəsb edir. Üstəlik, belə bir situasiya da mövcuddur ki, Xəzərəyanı dövlətlərinin strateji tərəfdaşlıq etdikləri qütblər arasında kifayət qədər ciddi ziddiyyətlər var.

Hazırda İran və Rusiya qərbə qarşı mövqe tuturlar, Azərbaycan, Qazaxıstan və digər Xəzərəyanı xarakterli Orta Asiya ölkələri isə Qərbə çıxış prioritetlərini daha ön planda saxlayırlar.

Bu baxımdan həm ortaq maraqlar, həm də ziddiyyət təşkil edən məqamlar mövcuddur. Hazırda Xəzərəyanı region üzrə tərəfdaşlığın inkişaf etdirilməsi ümumilikdə regionda təhlükəsizliyin təmin olunmasında xüsusi rol oynaya bilər".

Qeyd edək ki, İranın Gilan vilayətinin Rəşt şəhərində Xəzəryanı ölkələrin sahilyanı regionları arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş görüş keçirilib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova