Gündəm Özəl

“Mədəniyyətə qiymət vermək müğənnilərin işi deyil” — Sabiq deputat Mədəniyyət Nazirliyinə qarşı aparılan kampaniyadan DANIŞDI

“Mədəniyyətə qiymət vermək müğənnilərin işi deyil” — Sabiq deputat Mədəniyyət Nazirliyinə qarşı aparılan kampaniyadan DANIŞDI

“Ümumiyyətlə, mədəniyyət bir xalqın özünəməxsusluğunu, orijinallığını, təkrarolunmaz keyfiyyətlərini, yenilik və dəyişkənlik ideyalarını bir araya gətirən son dərəcə əhəmiyyətli bir məfhumdur. Başqa sözlə, bu, pozitiv ideyalara doğru can atmaqdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Etibar Əliyev deyib.

O, son dövrlər sosial şəbəkələrdə Mədəniyyət Nazirliyinə qarşı aparılan qarayaxma kampaniyası ilə rastlaşdığını söyləyib:

“Əslində, mədəniyyətə qiymət vermək müğənnilərin işi deyil. Bu kimi müzakirələr bəzən “yorğan davası” təsiri bağışlayır. Kiminsə filan tədbirə dəvət olunmaması, kiminsə müəyyən konsertdə iştirak etməməsi kimi hallar ümumi mənzərəni əks etdirmir. Minlərlə müğənni və sənətçi var ki, onların hamısını eyni anda bütün tədbirlərə dəvət etmək mümkün deyil. Burada subyektiv yanaşmalar da kifayət qədər rol oynayır. Hazırkı mədəniyyət naziri kifayət qədər yaxşı işlər görən gəncdir və işləməyə meyilli olduğu hiss olunur. Lakin bir məsələ unudulur ki, indiki nazirdən əvvəlki nazirlik rəhbərləri hansı pozitiv işləri görüblər?

Təhsil də daxil olmaqla bir çox sahədə qaldırılan problemlər, əslində, illərlə yığılıb qalmış məsələlərdir. Mədəniyyətin görünən tərəfləri var və bəzən vizual mənzərə bu problemləri daha aydın göstərir. Məsələn, kinoteatrların bağlanması, kitab mağazalarının ləğvi, kitabxana binalarının satılması kimi hadisələr uzun illər əvvəl baş verib. Səttar Bəhlulzadə adına Rəsm Qalereyasının ləğvi də buna bariz nümunədir. Bir zamanlar ulu öndərin təşəbbüsü ilə faydalı bir mədəniyyət mərkəzi kimi yaradılan bu məkan sonradan başqa təyinatla istifadə olunmağa başladı.

Eyni zamanda kitab mağazalarına nəzarət edən quruma qeyri-professional şəxslərin rəhbər təyin edilməsi kimi hallar da mədəniyyətin inkişafına mənfi təsir göstərib”.

Sabiq deputat qeyd edib ki, bütün bunlar mədəniyyətimizi zəiflədən amillərdir:

“Bu sahənin inkişafı üçün yeni konsepsiya hazırlanmalıdır. Bu konsepsiya qədim və zəngin mədəniyyət ənənələrimizin qorunmasına xidmət etməli, real vəziyyəti düzgün qiymətləndirən əsaslı sənəd olmalıdır. Nazirlərimizin hamısı cəmiyyətə açıq olmalı, problemlərin mahiyyətini şəxsən izah etməlidirlər. Təhsil və elm sahəsində də eyni nümunələri görürük: əgər problemlər əvvəlki rəhbərlikdən qalmışdırsa, niyə illərlə həll olunmayıb?

Bu sual mədəniyyət sahəsinə də aiddir. Çünki illərlə çöp-çöp üstə qoyulmadan, yalnız şəxsi maraqlara xidmət edən idarəçilik modeli formalaşdırılıb. Yeni nazirdən isə həm ifaçılar, həm digər mədəniyyət nümayəndələri əvvəlki nazirlərdən qalmış problemlərlə bağlı eyni anda izah tələb edir və bu, onu çətin vəziyyətdə qoyur”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova