Hadisə Özəl

Ağdaşda ailə dramı: Qardaş bacına şiddət göstərdi — TƏFƏRRÜAT

Ağdaşda ailə dramı: Qardaş bacına şiddət göstərdi — TƏFƏRRÜAT

Ağdaş rayonunda 1983-cü il təvəllüdlü Əsəd ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı bacısı Elmiraya (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 29-da rayonun kəndlərindən birində baş verib.

Kənd sakini Əsəd həmin gün saat 16:00-da yaşadığı evin qonaq otağında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı bacısı Elmiranın sifət və sol qol nahiyələrindən yumruqla bir neçə dəfə vurub.

Hadisəni törədən Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, bacısı Elmiranın əri öldüyündən onlar birlikdə yaşayırlar:

“Buna görə də bacımın bütün problemlərini özü həll edirəm, hər hansı bir çətinliyi olanda ona köməklik edirəm. Aprelin 28-də bacımın yaşadığı evə getdim. Lakin Elmiranın yaşadığı evin həyət qapısının qıfıllı olmasını gördüm və geri qayıtdım. Ertəsi gün, təxminən saat 16:00-da yaşadığım evdə öz yataq otağında dincələrkən, yaşadığımız evin qonaq otağında bacım arvadım Fərqanə ilə söhbət etməsini eşitdim. Öz yataq otağımdan çıxaraq evin qonaq otağına keçdim. Bacımı bir gün əvvəl hara getməsini soruşdum.

O, da “mənim hara getməyimin sənə heç bir dəxli yoxdur” dedi. Mən də bacıma evdən gedəndə bizə də xəbər verməli olduğunu söylədim. Həmin vaxt bacım mənə nalayiq ifadə işlətdi. Buna görə də bacım ilə aramızda mübahisə baş verdi. Mübahisə zamanı bacıma əsəbləşərək yumruqla bir neçə dəfə onun sifət və sol qol nahiyələrinə qəsdən vuraraq ona xəsarət yetirdim. Dava-dalaş zamanı anam və arvadım yanımızda olublar və bizi sakitləşdirdilər. Daha sonra səs-küyə həyətdə olan atam da gəldi və bizə öz iradını bildirdi. Dava-dalaşdan bir neçə dəqiqə sonra bacımın yaşadığımız evdən çıxaraq öz evinə getdi”.

Bu cinayət işinə Ağdaş Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkən qardaşına qarşı şikayətini geri götürüb.

Bu halları məhkəmə hökm çıxaran zaman nəzərə alıb. Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova