“Dörd günlük iş həftəsinə keçid Avropa Birliyinə daxil olan ölkələrlə yanaşı, digər ölkələrdə də mütəmadi olaraq müzakirə olunur”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
O bildirib ki, ölkəmizdə müxtəlif iş rejimləri var:
“Bunlara həftəlik, 6 günlük, sürüşkən iş qrafikləri də aiddir. Elə idarələr var ki, iş qrafiki 5 günlük olsa da, həftəsonu da işləyirlər. Lakin işçi artıq günlərin əmək haqqını almır.
Qanunla isə belə deyil. Şənbə və bazar, bayram günlərində işçi işə çıxarsa, əmək haqqı ikiqat ödənməlidir. 4 günlük iş rejiminə keçilərsə, iş saatlarında dəyişiklik ola bilər.
Ümumiyyətlə, əgər iş qrafikində dəyişiklik olarsa, təhsil, səhiyyə və başqa sahələrə mənfi təsir göstərə bilər.
Düşünürəm ki, bu layihə əvvəlcə kiçik bir sahədə tətbiq olunub, nəticələrini düzgün təhlil etmək lazımdır. Çünki Azərbaycanda elə sahələr var ki 4 günlük iş rejimi qeyri-mümkündür.
Müəllimlər, həkimlər, poçt işçiləri, qaz, su, işıq idarələrinin işçiləri 6 gün işləyir. Bütün imkanlara baxmaq lazımdır. Hazırda Azərbaycanda 4 günlük iş rejiminə keçilməsi indiki dövr üçün mümkünsüzdür. Əslində, 4 günlük iş rejimi insanlarda məsuliyyət hissini artırar və onlar işlərini bu müddətə sığdırmağı bacararlar. Amma bunun nə qədər məhsuldar və keyfiyyətli olacağı şübhə doğurur”.
Leyla Turan Demokrat.az


