Hadisə Özəl

Ağdaşda 28 yaşlı oğlan arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Ağdaşda 28 yaşlı oğlan arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Ağdaş rayonunda 1997-ci il təvəllüdlü Ərəstun ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Fəridəyə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun kəndlərindən birində baş verib.

Ərəstun kənddə yerləşən evinin həyətində şəxsi münasibətlər zəminində arvadı ilə mübahisə edib.

Daha sonra onların mübahisəsi dava-dalaş ilə nəticələnib. Bu zamanı Ərəstun arvadının baş və sifətinin sol nahiyəsindən əvvəlcə yumruq, sonra isə şillə ilə bir neçə dəfə vurub.

Hadisəni törədən Ərəstunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Ərəstun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, məlum hadisə günü axşam saatlarında yaşadıqları evin həyətində arvadı Fəridənin uşaqlara qışqıraraq tənbeh etdiyi üçün onunla mübahisəsi yaranıb:

“Bu zaman əsəbləşərək Fəridəni yumruq vuraraq ona xəsarət yetirdim. Hazırda arvadım ilə barışmışam. Ona dəymiş ziyanı tam ödəmiş və mehriban yaşayırıq. Əməlimdən peşman olmuşam. Bir daha belə hallara yol verməyəcəm”.

İş üzrə zərərçəkmiş Fəridənin sözlərinə görə, Ərəstun ilə 2017-ci ildə ailə qurub, birgə nikahlarından iki azyaşlı övladları var:

“Uşaqlarımın tərbiyəsi ilə bağlı ərim ilə mübahisəmiz yarandı. Həmin vaxt ərim mənim sifət nahiyyəmdən yumruq və şillə vurdu. Nəticədə xəsarət aldım”.

Bu cinayət işinə Ağdaş Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Ərəstun 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsə təyin edilmiş cəza müddəti ərzində Ağdaş rayonunun ərazisi hüdudlarını tərk etməsi qadağan edilib. Bu müddətdə ona gün ərzində saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməməsi tapşırılıb.

Bundan əlavə onun üzərinə cəzaçəkmə müddətində elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova