Gündəm Özəl

Açıq quyular təhlükə saçır: Hansı tədbirlər görülməlidir?

Açıq quyular təhlükə saçır: Hansı tədbirlər görülməlidir?

"Bərdədə baş verən faciə göstərir ki, açıq quyuların və yeraltı infrastruktura aid obyektlərin təhlükəsizliyi üzrə nəzarət sistemində ciddi boşluqlar mövcuddur. Bu cür risklərin qarşısını almaq üçün ilk addım bütün açıq və istifadə olunmayan quyuların qeydiyyata alınması və onların möhkəm metal və ya beton qapaqlarla standartlara uyğun şəkildə bağlanmasıdır. Qapaqların kilid mexanizmləri ilə təchiz edilməsi mütləq şərtdir".

Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib.

O, bildirib ki, eyni zamanda yerli icra hakimiyyəti orqanları tərəfindən mütəmadi monitorinqlər aparılmalı, təhlükə yaradan obyektlər barədə operativ məlumatlandırma sistemi qurulmalıdır:

"Belə bir mexanizm insanların müşahidə etdikləri potensial təhlükələri dərhal vahid quruma bildirməsinə imkan verəcək. Çünki bu tip təhlükələrin aradan qaldırılması maksimum operativlik tələb edir və hər an insanların həyatına təhlükə yarada bilər".

Ekspert bildirib ki, tikinti və kommunal xidmət sahələrində fəaliyyət göstərən təşkilatlar təmir, bərpa və qazıntı işləri zamanı mütləq şəkildə müvəqqəti hasarlama, xəbərdarlıq nişanları və baryerlər yerləşdirməlidirlər ki, əhali həmin ərazidə təhlükə olduğunu bilsin:

"Valideynlərin və ümumilikdə əhalinin maarifləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Uşaqların açıq sahələrdə nəzarətsiz hərəkəti ciddi risklər yaradır. Buna görə təhlükəli zonalar barədə davamlı ictimai maarifləndirmə kampaniyalarına ehtiyac var. Bu tədbirlər ardıcıl və koordinasiyalı şəkildə həyata keçirildiyi təqdirdə, belə faciələrin təkrarlanmasının qarşısını almaq mümkündür".

Qeyd edək ki, Bərdədə üç yaşlı uşaq quyuya düşərək ölüb.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova