Gündəm Özəl

Politoloq: “Rusiyanın Azərbaycanın Kiyev səfirliyinə raket hücumu Moskvanın beynəlxalq hüquqa sayğısızlığını göstərir”

Politoloq: “Rusiyanın Azərbaycanın Kiyev səfirliyinə raket hücumu Moskvanın beynəlxalq hüquqa sayğısızlığını göstərir”

"“İsgəndər” raketinin təyinatı məsələsi var ki, bu silah harada və hansı hallarda istifadə oluna bilər? Xüsusilə diplomatik nümayəndəliklərin ərazisinə belə bir raketin yönəldilməsi açıq şəkildə cinayətdir. Diplomatik nümayəndəliklər sırf diplomatik fəaliyyət göstərən obyektlərdir və onlara hücum beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir".

Bunu Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O, bildirib ki, bu hadisə göstərir ki, Rusiyanın Ukrayna ərazisində qətliam və dağıntı törətmə siyasəti davam edir:

"Bundan əvvəl də Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki konsulluğuna qarşı raket hücumu olmuşdu. Yəni bu artıq ikinci dəfədir. Bu isə Rusiyanın faktiki olaraq heç bir hüququ tanımadığını göstərir və nəticə etibarilə, 2022-ci il fevralın 22-də Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik anlaşmasının əhəmiyyətini sual altına qoyur. Necə ki, bir müddət əvvəl AZAL-ın mülki təyyarəsinə qarşı da təhlükəli hərəkət qeydə alınmışdı, eyni xətt üzrə Rusiyanın bu addımları davam edir".

Politoloq bildirib ki, Azərbaycan artıq diplomatik kanallar vasitəsilə etiraz notasını təqdim edib, səfir Xarici İşlər Nazirliyinə çağırılıb və narazılıq bildirilib:

"Düşünürəm ki, Azərbaycan açıq şəkildə Rusiyaya bildirməlidir ki, bu cür addımlar ikitərəfli münasibətləri yalnız zədələmir, həm də Azərbaycanı Rusiyadan uzaqlaşdırır. Mən demirəm ki, münasibətlər müharibə həddinə çata bilər. Bu real deyil, çünki həm humanitar, həm də coğrafi səbəblər var. Amma etiraz mütləq bildirilməlidir və Rusiya anlamalıdır ki, atdığı addımlar onu regionda daha da təcrid olunmuş dövlətə çevirir".

Onun sözlərinə görə, bu kimi hücumların hüquqi nəticəsi beynəlxalq səviyyədə Rusiyaya qarşı sanksiyaların daha da güclənməsi ilə nəticələnə bilər.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova