“Yeni orfoqrafiya və orfoepiya lüğətlərinin hazırlanması dilimizin inkişafı üçün vacib hadisədir. Dil daim dəyişir, yeni sözlər yaranır, köhnə sözlərsə işləkliyini itirir”.
Bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, dilçi Ramilə Qasımova Demokrat.az-a açıqlamasında deyib.
O qeyd edib ki, buna görə də lüğətlərin mütəmadi yenilənməsi dilin canlılığını qorumağa kömək edir:
“Xüsusilə apastroflu sözlərin ayrıca siyahısının tərtibi yazı qaydalarındakı qarışıqlığı aradan qaldıra bilər. Bu, həm məktəblilər, həm də jurnalistlər üçün praktiki baxımdan əhəmiyyətli olacaq. Süni intellektin prosesə cəlb olunması isə müasir texnologiyaların dilçilikdə tətbiqinin göstəricisidir. Bu yolla lüğət bazası daha geniş və dəqiq şəkildə formalaşdırıla bilər. Süni intellekt çoxlu mətn nümunələrini təhlil edərək düzgün yazılış və tələffüz nümunələrini sistemləşdirə bilir. Bu da insan faktorundan doğan subyektivliyi minimuma endirir. Eyni zamanda, lüğətin yenilənməsi ədəbi dil normalarının tədrisinə də yeni nəfəs gətirəcək. Belə layihələr dilin elmi əsaslarla idarə olunmasını təmin edir. Yeni orfoqrafiya və orfoepiya lüğətlərində köhnəlmiş sovet terminləri komsomolçu, partkom, teleqram, maqnitofon kimi sözlər çıxarıla bilər. Əvəzində isə dövrün tələbinə uyğun selfi, bloger, kontent, süni intellekt, podkast, startapçı, freelans, onlayn dərs, smartfon kimi yeni sözlər əlavə oluna bilər. Bu dəyişikliklər dilin müasir reallıqlara uyğunlaşmasına xidmət edəcək”.
Leyla Turan Demokrat.az


