Gündəm

Oqtay Gülalıyevin komadan ayılma ehtimalı çoxdur — FOTO

Oqtay Gülalıyevin komadan ayılma ehtimalı çoxdur — FOTO

Bu gün atam Oqtay Gülalıyevin EEG müayinəsi üçün həkim Bülent Kahyaoğlu gəlib. O, atamın komadan ayılma ehtimalının çox olduğunu deyib. Amma təəssüflə bildirib ki, baş nahiyəsində zərbə ağır olduğuna görə və az da olsa "ödəm" qaldığı üçün zamana ehtiyacımız var.

Demokrat.az-ın məlumatına görə, bunu O.Gülalıyevin oğlu Təbriz Gülalıyev özünün "Facebook" səhifəsində yazıb.

O, "Çəkilən şəkildə göründüyü kimi atam sağ gözünü az da olsa açmaq istəyib”- deyə əlavə edib.

Xatırladaq ki, tanınmış hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. O, ağır kəllə-beyin travması alıb, beyninə qan sızıb. Bir neçə saatdan sonra komaya düşüb. Oktyabrın 30-da Bakıda ona neyrocərrahiyyə əməliyyatı edilib.

Noyabrın 5-də Heydər Əliyev Fondunun dəvəti ilə gələn türkiyəli mütəxəssislər O.Gülalıyevin müalicə üçün Türkiyəyə aparılmasını tövsiyə ediblər. Noyabrın 6-da o, AZAL-ın xüsusi reysi ilə İstanbula göndərilib və “Avrasiya” klinikasına yerləşdirilib. Noyabrın 19-da “Amerika” xəstəxanasına köçürülüb, ertəsi gün başına yığılmış mayeni çıxarmaq üçün başqa bir neyrocərrahiyyə əməliyyatı keçirilib.

Xatırladaq ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə O.Gülalıyevin müalicəsi ilə bağlı bütün xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Demokrat.az

D
demokrat.az