Kriminal Özəl

Qonşular arasında dava düşüb, xəsarət alan var

Qonşular arasında dava düşüb, xəsarət alan var

Quba rayonunda 1981-ci il təvəllüdlü Abbas şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi və qonşusu Elvinə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 16-da rayonun kəndlərindən birində baş verib.

Kənd sakini Abbas həmin gün saat 12:00 radələrində aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onunla qonşuluqda yaşayan Elvinin sifət nahiyəsindən yumruqla vurub.

Hadisəni törədən Abbasın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 16-da Paşaoba kəndində avtomobil təmiri sexində zərərçəkmiş şəxs ilə rastlaşıb: “Aramızda mübahisə yarandı. Nəticədə zərərçəkmiş şəxsin sifət nahiyəsindən yumruq ilə bir dəfə vurdum”.

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Buna görə də zərərçəkən ona qarşı şikayətini geri götürüb. Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova