Quba rayonunda kafedə gənclər arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 4-də Quba şəhəri, Vaqif küçəsində yerləşən ictimai yer hesab edilən “Stara Praga” adlı kafedə baş verib.
Rayon sakini, 1995-ci il təvəllüdlü Aqil həmin gün gecə saat 2 radələrində kafedə Xaçmaz rayon sakini Eldarın (adlar şərtidir – red.) danışığını bəhanə edib və onunla mübahisə yaradıb.
O, mübahisə zamanı kafenin içərisində və kafenin çölündə zərərçəkmiş şəxsin üz nahiyyəsinə bir neçə dəfə yumruqla zərbələr vurub. Onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirib.
Hadisəni törədən Aqilin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, mayın 4-də, gecə saat 1 radələrində Quba şəhərində yerləşən “Sparta Praga” adlı kafedə pivə içib və digər masada əyləşən əvvəllər tanımadığı Eldar adlı şəxs özünü qazi kimi təqdim edərək söhbət edib: “Mən əsəbləşərək həmin masaya yaxınlaşdım və yalan danışmasını ona irad tutdum. Bu zəmində aramızda mübahisə yarandı. Onun yaxasından tutaraq onu vurmağa çalışdım. Bu zaman obyekti işlədən şəxs bizə yaxınlaşdı və ayıraraq çölə çıxardı. Çölə çıxdıqdan sonra da Ceyhuna yaxınlaşdım və sifət nahiyyəsindən 3 dəfə yumruq zərbə vurdum”. İş üzrə zərərçəkmiş Eldarın sözlərinə görə, mayın 3-də, saat 22 radələrində yaşadığı kənddən çıxaraq Quba şəhərində yerləşən “Sparta Praga” adlı kafeyə gedib: “Kafedə pivə içərkən tanımadığım şəxs arxa tərəfdən yaxınlaşaraq yumruqla ağız nahiyyəmdən bir dəfə vurdu. Bundan sonra çölə çıxdım, kafenin qarşısında olduğum zaman həmin tanımadığım şəxs yenidən yaxınlaşaraq sifət nahiyyəmdən yenidən yumruq zərbəsi endirdi. Sonradan bildim ki, mənə xəsarət yetirən şəxs Aqildir. Ona görə də rayon polis şöbəsinə gedərək ərizə ilə müraciət etdim”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə Quba rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək tapşırılıb.
Bu müddət ərzində ona yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi qadağan olunub. Habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli Demokrat.az


