“Zeynəb Xanlarova onlara tövbələtmə verdi, ona görə bu cür deyirlər. Qorxurlar ki, yenə Zeynəb kimi birisi gələr, o da öz xeyri üçün yaşayar, işləyər, sonra da camaatına ”qara camaat" deyər. Ümumiyyətlə isə “Müğənni parlamentdə təmsil oluna bilməz” düşüncəsi yanlışdır. Çünki insan adı ilə deyil, başı, əməli ilə fərqlənir. İnsanlara ağlına görə qiymət vermək lazımdır. Zeynəb Xanlarova “fəaliyyəti” ilə çox adama tövbələtmə verdi. Bununla da bu fikri deyənləri o qədər də qınamıram”.
Demokrat.az-ın xəbərinə görə, bunu Xalq artisti Flora Kərimova deyib.
F.Kərimova qeyd edib ki, insan gərək danışanda millətin siması olsun: “Zeynəb Xanlarovanı şişirtdilər, sonrası da məlum oldu, indi peşman olublar. Beləliklə, Zeynəb onlar üçün bir nümunə olduğu üçün artıq heç bir müğənnini parlamentdə görmək istəmirlər. Zeynəbə baxıb “belə olmaz” deyən adam artıq vətəndaşdır. Millət vəkili olanların çoxu millətin vəkili olub, millətə canı yananlar deyillər. Onlar parlamentdə seçilib, özləri üçün nəsə qopartmaq istəyirlər. Baxırlar ki, kimsə millət vəkili olanda zənginləşdi, qazancları oldu, toxunulmazlıq aldı, ona görə də özü də deputat olmaq arzusuna düşür. Orada vətənpərvər, millətini sevənlər çox olsaydı, parlamenti buraxmazdılar. Ölkə rəhbərliyi güclə onlardan canını qurtardı. Axırda gördü ki, hamısı kreslosundan bərk-bərk yapışıb durub, parlamenti buraxdı".
Xalq artisti illər öncə deputatlığa namizəd olmasından danışıb: “2500 səs üstünlüyü ilə qalib gəlmişdim. İnsanlar mənə müğənni olduğum üçün deyil, başıma, düşüncəmə görə səs vermişdi. Sonrakı prosesi siz də bilirsiniz. Avropa Məhkəməsi millət vəkilliyini mənim ünvanıma yazdı. Əslində mən millət vəkili seçilən adamam”. (Yeni Müsavat)


