"Təhsildə ən böyük problemlərən biri universitetlərdə təhsilin səviyyəsinin aşağı olmasıdır. Bu, hamımıza bəllidir. Lakin bunun bir yolunu tapmalıyıq ki, necə edək uşaqlar universitetlərdə yaxşı təhsil alsınlar".
Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.
Q.Həsənquliyev qeyd edib ki, ümumiyyətlə, yerli universitetlər bu illər ərzində hər il 15-20 nəfər məzununu və ya digər tələbələrini xaricdə təcrübə keçməyə, magistr təhsili almağa göndərməli idi:
"Həmin tələbələr də xarici universitetlərdə elmi dərəcələr alıb, Azərbaycanda müəllim kimi işləməli idilər. Hesab edirəm ki, buna başlamaq üçün gec deyil. Bizim universitetlərdə də yüksək ixtisaslı müəllimlər olmalıdır”.
Deputatı narahat edən digər məsələ isə Ali məktəblərin buraxılış imtahanı ilə bağlıdır:
“Universitetlərin buraxılış imtahanlarını Dövlət İmtahan Mərkəzi həyata keçirməlidir. Bu halda tələbələr biləcək ki, onlar diplom almaya bilərlər. Həmin imtahandan keçməyən tələbələrə isə diplom əvəzi sertifikat verilə bilər. Bu halda diplom alanlar da özlərinə layiqli iş tapa biləcəklər. Hazırda, tikintidə işləyən, taksi sürən - hamı deyir ki, Ali təhsilliyəm”.


