Azərbaycan son illərdə xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət ayırır. Bu istiqamətdə Türk Dövlətləri Təşkilatı (TDT) mühüm əməkdaşlıq platforması kimi çıxış edir. Məhz bu çərçivədə Azərbaycan, Türkmənistan və Özbəkistan arasında münasibətlərin yeni mərhələyə yüksəldiyi, üçtərəfli tərəfdaşlıq formatına keçidin reallaşdığı qeyd olunur. Bu addım regionda əməkdaşlığın dərinləşməsinə və ortaq maraqların daha səmərəli şəkildə təmin edilməsinə xidmət edir.

Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişaf etdirilməsində aparıcı rol oynayır:
“Üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlığın formalaşmasına önəmli töhfə verir. Azərbaycan uzun illərdir Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Macarıstanla ikitərəfli münasibətləri inkişaf etdirərək nəticədə çoxtərəfli əməkdaşlığın da formalaşmasına şərait yaratmışdır. Əvvəllər Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan, Azərbaycan-Qazaxıstan formatında münasibətlərin inkişafı müşahidə olunurdusa, bu gün artıq Azərbaycan, Özbəkistan və Qazaxıstanın birgə ortaq layihələrdə iştirakı reallaşır. Eyni zamanda Türkmənistanda keçirilən Türkmənistan-Özbəkistan-Azərbaycan üçlü zirvəsi göstərir ki, Türkmənistan da bu proseslərdə aktiv iştirak etmək niyyətindədir. Xüsusilə Türkmənistan Milli Məclisinin rəhbərinin Azərbaycana səfəri, Qarabağa və Şərqi Zəngəzura ziyarətləri, həmçinin Füzuli bölgəsində Türkmən dövləti və xalqı adından məhcid tikintisi ideyasının irəli sürülməsi bu niyyətin əməli göstəricisidir. Prezidentin Türkmənistana səfəri zamanı məhcid layihəsinin təqdim olunması da Türkmənistanın Qarabağda aparılan quruculuq və abadlıq işlərinə sözlə deyil, əməllə dəstək vermək istəyini əks etdirir. Azərbaycanın uzun illərdir həyata keçirdiyi nəqliyyat şəbəkəsi layihələri də artıq daha da konkret nəticələr verir. Avropaya uzanan Orta Dəhliz, Özbəkistan, Türkmənistan, Xəzər dənizi və Ələt limanlarını birləşdirəcək marşrut üzrə inkişaf, həmçinin Azərbaycanın Özbəkistandakı faydalı qazıntıların işlənməsində iştirakı, Türkmənistan-Azərbaycan dostluq yatağının birgə işlənməsi bu potensialın böyük olduğunu göstərir”.
Deputat bildirib ki, Türkmənistan-Özbəkistan-Azərbaycan liderlərinin zirvə görüşü çox uğurlu və səmərəli olub:

Politoloq İlyas Hüseyn diqqətə çatdırıb ki, Azərbaycan üçün Türk Dövlətləri Təşkilatı ilə əlaqələrin genişlənməsi mühüm əhəmiyyət kəsb edir: 
“Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, Azərbaycanın əsas prioriteti Türk ailəsidir və bu ailə çərçivəsində əlaqələrin dərinləşməsi ölkəmizin maraqlarına uyğundur. Biz bu ailədə özümüzü hiss edirik və başqa ailəmiz yoxdur. Heç yerdə də bizi gözləmirlər. Bu, yalnız bəyanat səviyyəsində deyil, həm də əməli-praktiki nəticələrdə özünü göstərir. Xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin formalaşmasında Azərbaycanın rolu böyükdür. Bu səbəbdən Mərkəzi Asiyada keçirilən liderlərin samitində Prezident xüsusi qonaq qismində iştirak edir”.
Politoloq əlavə edib ki, artıq həmin dövlətlər Azərbaycanı öz siyasi coğrafiyasında görürlər:
“Bu, Azərbaycanın artan gücü, nüfuzu və geniş coğrafiyada əməkdaşlıq əlaqələrinin nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycan, Türkmənistan və Özbəkistan arasında üçtərəfli əməkdaşlıq da böyük önəm daşıyır və mövcud reallıqlar bunu aktuallaşdırır. Bizim ortaq kökümüz, etnik-milli bağlarımız və ortaq siyasi, geosiyasi düşüncəmiz ölkəmizin prioritetlərini formalaşdırır və bu əsasında əlaqələr daha da dərinləşir. Türkmən torpağında keçirilmiş görüşün çox yaxşı nəticələr verəcəyinə əminik”.
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.
Leyla Turan Demokrat.az



