AzTV-nin hələ də Əli Həsənovun iradəsi ilə idarə edildiyi İDDİA OLUNUR

GÜNDƏM 10 dek 2019, 12:42

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV)  sədri Rövşən Məmmədovun kanalı hələ də keçmiş “ideoloq” Əli Həsənovun iradəsi ilə idarə etdiyi barədə KONKRET-az-a məlumatlar gəlməkdə davam edir.


Qeyd edək ki, bu kanalda Əli Həsənova yaxından-uzaqdan heç bir əlaqəsi olmayan şəxslərin vəzifədən və işindən uzaqlaşdırılması prosesi geniş vüsət alıb.


Həsənovla əlaqəsi olan şəxslərin isə telekanalda fəaliyyətlərinə münbit şərait yaradılır. Belə ki, Əli Həsənovun himayasi ilə sədr müavini vəzifəsinə qədər yüksələn Elsevər Dünyamalıyev vaxtilə İdman-Azərbaycan Kanalının rəhbərliyindən uzaqlaşdırılsa da, sədr bu vəzifəni yenidən ona tapşırıb.


Deyilənə görə, bu təyinat Əli Həsənovla hansısa “razılaşma” nəticəsində mümkün olub. Təsadüfi deyil ki, Prezident Administrasiyasının şöbə müdiri vəzifəsindən kənarlaşdırılmasına baxmayaraq Əli Həsənova sadiqliyi ilə seçilən AzTV sədri Rövşən Məmmədov hazırda Elsevər Dünyamalıyevi ciddi şəkildə himayə edir.

 

Həsənovlaşdırılan AzTV-də nələr baş verir?


KONKRET.az-a açıqlamasında kanalın keçmiş Baş proqram direktoru Bəylər Mirzəyev bildirib ki, hələ sədr əvəzi kimi Rövşən Məmmədov onu yanına çağıraraq bir aylıq sınaq müddətinə İdman Kanalının Baş Proqram direktoru vəzifəsini icra etməyi tapşırıb:


“Mən 9 ildir Aztv-də müxbir, redaktor, baş proqram direktoru, baş prodüsser kimi və s. vəzifələrdə çalışmışam. Bu təklifi alanda 8-9 ay təsdiq olunmadan işlədim, əziyyət çəkdim. Sonra Rövşən Məmmədov məni kanalda rüşvətin və digər neqativ halların qarşısını almaq üçün Baş prodüsser təyin etdi. Lakin sonradan iclasların birində hər şey dəyişdi. O, Elsevəri layiqli kadr kimi tərifləyərək İdman Kanalının rəhbərliyini yenidən ona tapşırdı. Hər birimiz şokda idik. Çünki hər kəs, o cümlədən Rövşən Məmmədov özü Elsevər Dünyamalıyevin bu kanalda hansı qanunsuzluqlar etdiyini yaxşı bilirdi”.


Bəylər Mirzəyev vurğulayıb ki, E.Dünyamalıyev iradəsiz Rövşən Məmmədova təsir edərək onun Baş prodüsser vəzifəsindən kənarlaşdırılmasına nail olaraq yenidən müxbir kimi çəkilişlərə göndərmək barədə tapşırıq verib. Bu haqsızlığa etiraz olaraq Bəylər Mirzəyev AzTV-dən öz ərizəsi ilə kənarlaşıb.


Bəs Elsevər Dünyamalıyev kimdir? Niyə birdən-birə o, yenidən kanala rəhbər vəzifəyə gətirilib?

 


Bildiyiniz kimi, “İdman-Azərbaycan” kanalına rəhbərlik vaxtilə Azərbaycan Dövlət Televiziyasının proqram direksiyasının şöbə müdiri vəzifəsində çalışmış Elsevər Dünyamalıyevə həvalə edilmişdi. Qeyd edək ki, Elsevər Dünyamalıyev 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. Bakı Dövlət Universitetinin kitabxanaçılıq-biblioqrafiya fakültəsini bitirib. 1997-ci ildən Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətində çalışır. Onun ilk “parlaq” fəailiyyəti isə “İdman-Azərbaycan” kanalında özünü büruzə verməyə başladı. Lakin idman kanalında gəlir mənbələri çoxdur: müxtəlif yarışlar, portret verilişləri, xatirə toplantıları, beynəlxalq tədbirlər və s. Çox şeyə də “olar-olmaz” qərarını Elsevər Dünyamalıyevin özü verirdi. Digər tərəfdən “İdman-Azərbaycan” kanalının keçmiş şefi klublardan da kifayət qədər pul alırdı. Verilən məlumatlara görə o klubların oyunlarını işıqlandırmaq üçün hər birinə müəyyən şərt qoyubmuş. Hətta bu məsələyə görə vaxtilə Neft Şirkətinin rəhbəri ilə Elsevər Dünyamalıyev arasında xoşagəlməz söhbətlər də olub. Elsevər Dünyamalıyev “İdman-Azərbaycan” telekanalında fəailiyyət göstərdiyi müddətdə kifayət qədər maliyyə toplaya bilib.


Belə görünür ki, E.Dünyamalıyevin bu kimi “fəaliyyəti” hələ də kimlərəsə sərf edir.


Hesab edirik ki, ölkənin hüquq-mühafizə orqanları Azərbaycan Televiziyasının, o cümlədən Elsevər Dünyamalıyevin fəailiyyətinin araşdırılması üçün ciddi tədbirlər görməlidir.(Konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top