Ermənilərin adam kimi yaşaması üçün sülhə ehtiyacları var — AÇIQLAMA

GÜNDƏM 16 sentyabr 2025, 19:34
“İctimai rəyə kim hökm edə biləcəksə, parlament seçkilərinin nəticələri də o siyasi mərkəzdən yana olacaq. Ona görə, Ermənistanda ictimai rəyə nəzarət uğrunda mübarizəni müşahidə edirik. Bir tərəfdə Rusiyayönümlü qüvvələr, digər tərəfdə Qərbin dəstəklədiyi Paşinyan hökuməti. Paşinyanın əsas məqsədi erməni şüurunu kökündən dəyişmək, həqiqətin fərqinə varmağa məcbur etməkdir. Bu, çox çətin prosesdir, amma bunun alternativi yoxdur”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. O bildirib ki, xalqın Paşinyana inanıb-inanmayacağına gəldikdə, hər halda ortada praktiki nəticələr var:

“Bu gün Ermənistan sərhədində atəş yoxdur, qorxu içində yaşayan erməni xalqı bundan qurtulur. Paralel olaraq qonşu ölkələrlə — xüsusən Azərbaycan və Türkiyə ilə əməkdaşlıq, ölkənin dünyaya çıxışını təmin etmək mümkün olacaq. Bu da ciddi bir nəticədir və ictimai şüura təsir etməlidir. Buradan erməni xalqı ciddi nəticələr çıxarmalıdır. Ona görə, Nikol Paşinyan xüsusən legitimlik məsələsini xalqa anlatmaq istəyir. Müxalifətin dedikləri isə yeni ərazi iddiaları, revanşizm, Qarabağla bağlı Azərbaycanla yeni toqquşmalar, Türkiyəyə qarşı ərazi iddiaları və digər absurd ideyalardır.

Əgər konstitusiyanın dəyişdirilməsi ilə bağlı referenduma erməni xalqı yox deyəcəksə, bu, erməni cəmiyyətinin gələcəyi üçün mənfi bir addım olacaq. Referendum deyəndə söhbət təkcə konstitusiyadakı ərazi iddialarının çıxarılmasından getmir. Yeni konstitusiyanın, yeni ideologiyanın, tarixi xülyalarla deyil, real Ermənistan ideologiyası ilə yaşamaqdan söhbət gedir. Bu konstitusiyadan imtina, sülhdən imtina anlamına gələcək. Ermənilərin adam kimi yaşaması üçün sülhə ehtiyacları var”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 sentyabr 2025, 19:57
Top