Gündəm Özəl

"Azərbaycanda Kəbə tikmək birmənalı qarşılanmayacaq" — Deputatdan ETİRAZ

Azərbaycanda Kəbə tikmək birmənalı qarşılanmayacaq — Deputatdan ETİRAZ

“Bu gün bu reallıqdır ki, Azərbaycanın turizm potensialı olduqca yüksəkdir. Bu potensialdan çox yaxşı istifadə etməliyik. Bu yolla ölkəmizə çoxlu turist cəlb edə və böyük vəsait qazana bilərik. Bu baxımdan Əshabi-kəhf mağarası da xüsusi əhəmiyyətə malikdir. Dünya miqyasında tanıdılmasına ciddi ehtiyac var. Ola bilsin həmkarım Qüdrət Həsənquliyev açıqlamasında bu məsələnin əhəmiyyətinə diqqət çəkmək istəyib”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Deputatı Ceyhun Məmmədov deyib. O bildirib ki, İslam dünyasında Əsahabi-kəhf mağarasının 3 müsəlman ölkəsindən birində olması ilə bağlı fikirlər var:

“Bu mağaraların biri Azərbaycanda, biri Türkiyədə, biri isə İordaniyadadır. Kəbə məsələsinə gəldikdə onun müqəddəs yer olması dinimizə əsasən Allah-Təala tərəfindən müəyyən edilib. Onun ikincisini haradasa tikmək və ya yerini dəyişmək, çoxlu insanı ora ziyarətə cəlb etmək qeyri-mümkündür, eyni zamanda bu məsələ müsəlman dünyasında birmənalı qarşılanmayacaq”.

Qeyd edək ki, deputat, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev KİV-ə açıqlamasında bildirib ki, Naxçıvanda yerləşən Əshabi-Kəhfdə Məkkədəki Kəbənin eynisini tikmək olar.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova