Siyasət

Emil Seyidəliyev: "Vəfa borcumuzdan başqa, həm də mənəvi borcumuz da var"

Emil Seyidəliyev: Vəfa borcumuzdan başqa, həm də mənəvi borcumuz da var

"Vəfa borcumuzdan başqa, həm də mənəvi borcumuz da var."

Bunu 8 May Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü münasibəti ilə əlaqədar olaraq, Qeyri-hökumət təşkilatları üzrə ekspert Emil Seyidəliyev Strateji.az saytına müsahibəsində bildirib.

Hər il 8 may tarixində dünya ictimaiyyəti Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Gününü qeyd edir. Bu gün, bəşəriyyətin ən böyük humanitar təşkilatlarından biri olan Qızıl Xaç və Qızıl Aypara Hərəkatının dəyərlərini, prinsip və fəaliyyətlərini bir daha xatırlamaq üçün mühüm fürsətdir. Bu tarix təsadüfi seçilməyib – hərəkatın banisi olan Anri Dünanın doğum günü məhz 8 maya təsadüf edir.

Qızıl Xaç və Qızıl Aypara Hərəkatı 1863-cü ildə təsis edilmiş və o vaxtdan bəri humanitar yardım sahəsində ön sırada yer almışdır. Münaqişə zonalarında yaralılara və mülki əhaliyə yardım, təbii fəlakətlər zamanı yardım əməliyyatları, qaçqın və məcburi köçkünlərə dəstək bu təşkilatın əsas fəaliyyət sahələrini təşkil edir.

Azərbaycanda da Qızıl Aypara Cəmiyyəti bu hərəkatın fəal üzvü kimi mühüm işlər görür. Cəmiyyət fəlakət zamanı zərərçəkmişlərə yardım, ilk tibbi yardımın təşkili, humanitar dəstək və əhalinin maarifləndirilməsi sahələrində geniş fəaliyyət göstərir. Eyni zamanda, təşkilat cəmiyyətin ən həssas təbəqələrinin müdafiəsində dayanaraq könüllülük prinsipləri əsasında iş aparır.

Bu gün biz, dünyanın hər yerində milyonlarla könüllünün və əməkdaşın insanlığa xidmət naminə göstərdiyi səyləri dəyərləndirir və onların fədakarlığını ehtiramla yad edirik. Qızıl Xaç və Qızıl Aypara Hərəkatı bizə xatırladır ki, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq, hər bir insana yardım etmək mənəvi borcumuzdur. Vəfa borcumuzdan başqa, həm də mənəvi borcumuz da var.

Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü münasibətilə bu nəcib işdə iştirak edən hər kəsi təbrik edir, humanizm və şəfqət ruhunun daim yaşamasını arzulayırıq.

NE
Nihadə Eyyubova