İqtisadiyyat

Alparslan Bayraktar: "Azərbaycanla “Qarabağ” yatağından qaz tədarükü üzrə yeni saziş üzərində işləyirik"

Alparslan Bayraktar: Azərbaycanla “Qarabağ” yatağından qaz tədarükü üzrə yeni saziş üzərində işləyirik

Türkiyə Azərbaycanla “Qarabağ” neft-qaz yatağından qaz tədarükü ilə bağlı yeni saziş üzərində işləyir.

Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Nazirin sözlərinə görə, bu yataqdan qaz idxalına 2028-2029-cu illərdə başlanması barədə razılıq əldə olunub.

Türkiyənin qaz sektorunda daha geniş strategiyasına toxunan A. Bayraktar ölkənin uzun illər Rusiya və İrandan tədarükdən əhəmiyyətli dərəcədə asılı olduğunu vurğulayıb: “Bu sazişlərin müddəti tezliklə başa çatır və biz alternativ qaz mənbələri tapmalıyıq”.

O, qaz portfelinin diversifikasiyasının və daxili bazarda rəqabətin gücləndirilməsinin prioritet olduğunu qeyd edib.

Nazir əlavə edib ki, mart ayında Türkiyə İran üzərindən Türkmənistandan svop qazının idxalına başlayıb: “Bu il biz İran vasitəsilə Türkmənistandan1,3 milyardkubmetr qaz alacağıq. Son on ildə Türkiyə qaz infrastrukturuna böyük sərmayələr qoyub və artıq idxal imkanlarımız yalnız boru kəmərləri ilə məhdudlaşmır”.

Türkiyənin mayeləşdirilmiş təbii qaz (LNG) infrastrukturu barədə danışan A. Bayraktar bildirib ki, ölkənin LNG reqazifikasiya gücü gündə30 milyonkubmetrdən160 milyonkubmetrə qədər artırılıb və bu göstəricinin200 milyonkubmetrə çatdırılması planlaşdırılır.

“Hazırda Türkiyənin qaz tələbatının təxminən25%-i LNG hesabına ödənilir”, - o əlavə edib.

Nazir həmçinin ölkənin daxili enerji resurslarının inkişafına sadiqliyini vurğulayıb. Onun sözlərinə görə, hazırda Qara dənizdəki Sakarya yatağında hasilat gündə təxminən7 milyonkubmetr təşkil edir və aprel ayında bu rəqəm9 milyonkubmetrə çatacaq: “2026-cı ilin üçüncü rübündə hasilat gündə20 milyonkubmetrə, 2028-ci ilə qədər isə40 milyonkubmetrə çatacaq”.

Qeyd edək ki, “Qarabağ” neft-qaz yatağı Bakıdan120km şərqdə, Xəzər dənizindəki Günəşli yatağından20-25km məsafədə,150-200metr dərinlikdə yerləşir. "Aşrəfi - Dan Ulduzu - Aypara" strukturu isə Bakıdan90-110km şimal-şərqdə,80-180metr dərinlikdə yerləşir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Norveçin "Equinor" şirkəti 31 may 2018-ci ildə "Aşrəfi - Dan Ulduzu - Aypara" perspektiv strukturlar blokunun kəşfiyyatı və işlənməsi üzrə HPBS (Hasilatın Pay Bölgüsü Sazişi) və “Qarabağ” yatağının işlənməsi üzrə Risk Service Contract imzalayıblar. Layihənin icrası üçün SOCAR və "Equinor" paritet əsaslarla əməliyyat şirkəti təsis ediblər.

Lakin "Equinor" 2023-cü ilin dekabrında bu layihələrdəki50%-lik payını SOCAR-a satıb. Sövdələşmə 2024-cü ilin aprelin 24-də rəsmiləşdirilib. (Report)

NE
Nihadə Eyyubova