Gündəm Özəl

“Rusiya ilə münasibətləri gərginləşdirmək olmaz...” — Politoloq

“Rusiya ilə münasibətləri gərginləşdirmək olmaz...” — Politoloq

“Görüntülər yayılandan sonra təyyarənin üzərində qəlpə yerlərinin olduğunu gördük. Bu və hadisəyə şahid olan sərnişinlərin sözlərindən aydın oldu ki, içəridə yaralananlar olub. Həmin anda Qroznıya Ukrayna pilotsuz uçuş aparatlarının hücumu olub. Hesab edirəm ki, həmin vaxt Rusiya Hava Hücumundan Müdafiə Sistemləri səhvən AZAL-a məxsus sərnişin təyyarəsini vurub”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib. O qeyd edib ki, təyyarənin qəsdən vurulması versiyası ilə razılaşmaq olmaz:

“Təəssüf ki, Rusiya tərəfi hadisə barədə gec şərh verdi. Dünən Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Dmitri Yadrov məsələ barədə şərh verdi və üzrxahlıq etdi. Prezident Vladimir Putinin sözçüsü isə bildirdi ki, istintaq bitməmiş nəsə deyə bilmərik. Əslində, belə də olmalıdır. Hadisə baş verən kimi Prezident İlham Əliyev Rusiyaya səfərini yarımçıq qoyub geri qayıtdı. Təcili müşavirə keçirdi, öz təlimatlarını verdi. Ölkə başçısı da öz çıxışında bildirdi ki, bir sıra versiyalar var, amma biz komissiyanın yekun rəyini gözləməliyik”.

Ekspetin fikrincə, istintaq komissiyası təyyarənin Rusiya HHM sistemləri tərəfindən səhvən vurulduğunu təsdiq edəcək:

“Bu işdə əli olanlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Rusiya rəhbərliyi Azərbaycan xalqından üzr istəməlidir və beynəlxalq hüquqa uyğun olaraq ölənlərin ailələrinə və yaralananlara kompensasiya ödəməlidir. Sıradan çıxmış təyyarəyə görə də AZAL-a kompensasiya ödənilməlidir. Yadınızdadırsa, 44 günlük Vətən müharibəsində Naxçıvan ərazisində Azərbaycan tərəfindən səhvən Rusiyaya məxsus helikopter vurulmuşdu. Azərbaycan tərəfi bu zaman kompensasiya ödəmişdi və üzrxahlıq etmişdi”.

Politoloq bildirib ki, bəzi qüvvələr Azərbaycanla Çeçenistan və Rusiya arasındakı münasibətləri gərginləşdirməyə çalışır:

“Buna yol vermək olmaz. Rusiya ilə münasibətləri gərginləşdirmək olmaz. Rusiya böyük dövlətdir, qonşumuzdur. Bu hadisəyə siyasi don geydirmək olmaz. Hazırda Rusiya prokurorluğu ilə birgə istintaq aparılır. Düşünürəm ki, qəzanın səbəbi aydınlaşandan sonra Rusiya Azərbaycan dövlətindən üzr istəyəcək. Rusiya və Çeçenistanla münasibətlərin gərginləşməsi bizə lazım deyil, bu ancaq düşmənlərə lazımdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova