“- Hə... İndi, gəl, doğrudan tanış olaq. Mənim adım Rasimdir. Bəs sənin?
- .... Cəmilə...
- ... İndi, gəl, hərə özündən danışsın. Səndən başlayaq...”
Etiraz etmirik. Başlayaq deyirsiniz, başlayaq!
Nərminə adlı bir qız vardı. Adını Fəridə qoyub valideynləri əvvəlcə. Sonra, pasport alanda Nərminə yazdırıblar adını. Görəsən niyə?..
Deyəsən, çox irəli getdik. İllər əvvələ dönməliyik, doğrudan tanışlıq üçün. Nərminə Ağası qızı Məmmədbəyli 1932-ci il avqustun 16-sında Dilicanda dünyaya gəlib. Dilican dərəsi...

Dahi şairimiz Səməd Vurğun yada düşdü:
Yenə yada düşdü Dilican dərəsi, Yadıma çox köhnə zamanlar gəlir. Ömür dedikləri bir karvan yolu, Nə canlar gedərək nə canlar gəlir... Bir də, Fərman Kərimzadənin Dilican dərəsənin üzərindən quş belə uçurtmayan Qaçaq Kərəmi. Nələrə şahid olmayıb Dilican dərəsi!... Dilican qədim yurd yerlərimizdəndir. Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının – Qazax mahalının tərkibində olub. Sovet hakimiyyəti qurulduqdan sonra Ermənistan adlı respublikanın tərkibinə qatıblar. Dilican karvan yollarının üzərində yerləşirdi. Çox səfalı yer idi. Sərin bulaqlar, zümrüd düzənliklər, qara meşələr...

Nərminə xanım belə səfalı bir yerdə dünyaya gəldi. Və heç şübhəsiz səsindəki şirinliyi də Dilicanın şirin bulaqlarından aldı. “Ninnə yarım, ninnə...”
Diqqətli oxucumuz, yəqin təxmin edir, söhbətin kimdən getdiyini - Azərbaycan musiqi tarixində xüsusi yer tutan müğənni Nərminə Məmmədova.
Diqqətli oxucu yazıya “Sən niyə susursan?” filmi ilə niyə giriş etdiyimizi də anladı yəqin. Yaddaşları təzələyək: bu, görkəmli rejissor Həsən Seyidbəylinin filmidir. 1967-ci ildə çəkilib. Filmin bəstəkarı görkəmli bəstəkarımız Tofiq Quliyevdir. Tofiq Quliyevin hadisələrin gərgin gedişatını əks etdirən musiqisi də filmə damğa vurub. Amma.... Filmdə bir mahnı da səslənir: “Evlərinin önü yonca, yonca qalxmış dam boyunca, dam boyunca...”
Xüsusən, yaşlı və orta nəsil bu mahnını və onun ifaçısı Nərminə Məmmədovanı yaxşı xatırlayır. Filmin qəhrəmanları Rasimlə Cəmilə geyim almaq üçün qəsəbədəki kiçik mağazaya daxil olarkən məhz bu mahnı səslənir. Radiodan Nərminə Məmmədovanın həzin səsi yayılır... “Boyu uzun, beli incə. Ninnə yarım ninnə, əsmər yarım ninnə, ninnə, ninnə...”

Demək, bu mahnı həmin illərdə çox populyarmış ki filmə daxil edilib. Baxmayaraq ki filmin bəstəkarı görkəmli sənətkar Tofiq Quliyevdir, bu həzin mahnı dramatik filmə xüsusi bir incəlik qatır. Bu, Kərkük mahnısıdır. Kərkük bayatılarına daxil olan mahnılardan biri. Onu Nərminə xanım İraqdan Azərbaycana gəlib dövlət radiosunda çalışan Sinan Səidlə duet oxuyub. O zamanlar Azərbaycan radiosunda Şərq ölkələri ilə bağlı xüsusi şöbələr olub. Əslən türkman tayfasından olan Sinan Səid Kərkükdə doğulub, İraqda təhsil alıb, 1961-ci ildə isə SSRİ-yə - Azərbaycana gələrək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika Fakültəsində təhsilini davam etdirib. 1970-ci ilə qədər Bakı Radio və Televiziya Komitəsinin ərəbcə verilişləri şöbəsində çalışıb. Sinan Səid mahir diktor olmaqla yanaşı, həm də gözəl səsə malik imiş. Nərminə xanımın ifasını eşitdikdə səsin sehrinə düşüb və yanıqlı səs sahibinə duet oxumağı təklif edib. Beləcə, nakam eşqin hekayəsi “Evlərinin önü yonca” yaranıb. Nərminə xanımla Sinan Səid “Altun üzük, yaşıl qaş”, “Hər gün axşam Oou dallam” mahnılarını da ifa ediblər. Bu mahnılar indi də radionun “Qızıl Fond”unda Kərkük bayatıları adı altında qorunur, zaman-zaman səsələndirilir və dinləyicilərə əvəzsiz zövq bəxş edir.
Unutma aşiqi, haşa, qərənfil...
Nərminə Məmmədovanı yad edərkən Sinan Səidi yad etməmək olmazdı. Çünki Azərbaycan insanı Nərminə xanımı daha çox məhz Kərkük bayatılarının misilsiz ifaçısı kimi tanıyır. İndi də radioda məhz bu mahnılar daha çox səslənir, ona görə. Hərçənd Nərminə Məmmədova ecazkar, məlahətli, həzin, kövrək, yanıqlı səsi ilə Azərbaycanın görkəmli bəstəkarlarının bir çox əsərlərini ifa edib. Hamısını da yüksək sənətkarlıqla. Məsələn, görkəmli bəstəkar Vasif Adıgözəlovun Xurşidbanu Natəvanın qəzəlinə bəstələdiyi “Qərənfil” romansı Nərminə xanımın ifasında müdhiş səslənir. Nərminə Məmmədovanın həzin səsindən pərvazlanan “Ay işığında”, “Dəniz”, “Sevəydin kaş”, “Layla”, “Aman ovçu”, “İpək dəsmal”, “Qara gözlər”, “Asta yeri, kəmər düşər belindən”, “Yarıma demişəm mənə saz alsın”, “Durum dolanım başına” və daha neçə-neçə mahnılar incəsənətimizə, mədəniyyətimizə əvəzsiz töhfələrdir. Lakin “Evlərinin önü yonca” bir başqadır. Bu mahnıda nakam eşq var. “Səni alım, hara qaçım?” deyə inildəyən çarəsiz sevgili var. Bir də, sevgilisinə qoşulub uzaq ellərə qaçmağa cürət etməyən gənc qız. Bu mahnını dinləyəndə uzaq türkman elində arxası dağa söykənən, önü yaşıllıq olan saman qarışıq palçıqdan tikilmiş bir ev və bu evin divarları arasında yun əyirən, qəlbi sevdalı bir türkman qızı canlanır. Mahnıdakı nakamlıqdan, kədərdən pay düşübmü Nərminə xanımın da taleyinə? Səsindəki qəm-qüssə, həzinlik nədən xəbər verir görəsən?..

Uşaqlıq illərinin dərin yarası
Nərminə xanımın yeganə övladı, hazırda Milli Onkologiya Mərkəzində həkim-onkoloq işləyən Sevinc Qiyasbəyli ilə söhbət edəcəyik. Sevinc xanım tibb elmləri doktoru, professordur. 1966-cı ildə Bakıda anadan olub. Atası məşhur Qiyasbəylilər nəslinin nümayəndəsi Ramiz Qiyasbəylidir. Nərminə xanımın həyatı kəşməkeşli olub.
Sevinc xanım danışır:
- Anamın uşaqlıq illəri çətin keçib. Anam Qazaxda – Dilicanda doğulub. Babam Ağası bəy əslən Göyçaydandı, İsmayıl bəyin oğludur. Babam Qazaxda rayon partiya komitəsinin birinci katibi işləyib. Nənəm Şəfiqə xanım Qiyasbəylilər nəslinin nümyəndəsi idi. Evləniblər, anam Nərminə dünyaya gəlib. Yəqin bilirsiniz, anamın adını əvvəlcə Fəridə qoyublar, “Çalıquşu” romanının qəhrəmanının adını. Sonra pasport alanda dəyişdirib Nərminə yazdırıblar.
-Babanız repressiya olunub, Sevinc xanım?
-Bəli, anamın atasını 1937-ci ildə həbs ediblər. Üstünə şər atıblar, Stalinə, Bağırova qarşı terrorda, guya iştirak edib. Sürgün edilib babam. Babam həbs olunanda anamın 5 yaşı varmış. Atası 20 ilə yaxın sürgündə qalıb. Bakıda indiki “İstiqlaliyyət" küçəsində evləri varmış, oradan çıxarıblar onları, İçərişəhərdə kiçik bir evə sığınıblar. Nənəm “Stalin muzeyi”ndə (sonralar bu binada Ali Partiya məktəbi yerləşirdi) işləyib. Anam 132 saylı məktəbdə təhsil alırmış. Atası “xalq düşməni” elan edilib deyə, məktəbin müdiriyyəti anama məsləhət görüb ki, qızı bir müddət məktəbdən uzaqlaşdır, sonrasına baxarıq. Allah kərimdi. Anam məktəbdən çıxıb. 15-16 yaşında işləməyə başlayıb. 2 il sonra yenidən məktəbə qayıdıb, 10-cu sinfi bitirib. Universitetə daxil olub. Anamın musiqiyə, rəqsə həvəsi olub və Pionerlər Evinə gedib, məşğələlərdə iştirak edib. 1942 -ci ildə Səid Rüstəmov anamı uşaq xoruna qəbul edib.
Anamın 15 yaşı olanda ilk dəfə radioda oxuyub. Sonra babam sürgündən qayıdıb, ailənin vəziyyəti nisbətən düzəlib. Uşaqlığı, gəncliyi ağır keçib anamın… Atasının “xalq düşməni” elan edilməsi anamı həmişə üzüb. Bunu mənə danışardı, deyərdi ki, atasının “xalq düşməni” olması ona heç vaxt rahatlıq verməyib. Özünə sual edirmiş ki, görəsən, həqiqətən atam düşməndir?!. Atasını doyunca görməyib anam. Uşaqlığı, yeniyetməlik dövrü atasız keçib. Bu, çox ağır yükdür. Ailəsində repressiya olunmuş şəxslər olanlara bu hiss tanışdır. Daim özünü gözü kölgəli hiss edirsən, sənə elə gəlir ki, hamı sənə baxır, səni tanıyırlar, qınayırlar... Çox ağırdır. Anam da uzun müddət bu ağrılarla yaşayıb.

Anasının sevinci
- Deyirsiniz, anamın səsi həzin, kövrəkdir. Özü də mülayim xarakterli insan idi. Amma “tərs damarı” tutmasın. Çox yumşaq, qayğıkeş insan idi. Çalışırdı hamıya yaxşılıq etsin. Anam rəhmətə gedəndə vaxtilə yaşadığı ərazidən qonşular, onu tanıyanlar, universitetdən, iş yerindən rəfiqələri gəlmişdi. Anamın necə insan olduğunu onların söhbətlərindən eşitdim. Filologiya elmləri doktoru Safura xanımın, stenoqrafiya üzrə tanınmış mütəxəssis Cəmilə xanımın xatirələri nəşr olundu. Anam haqqında o qədər gözəl sözlər yazmışdılar… Anam dostluğu bacaran insan idi. Çox mütaliəli idi. Avropa yazıçılarının əsərlərini oxuyurdu. Biz Kislovodskda istirahətdə olanda Drayzerin əsərlərini saatlarla danışardı. Çox savadlı qadın idi. Bilmirəm, vallah, daha nə deyim, nədən danışım. Özüm artıq o yaşa gəlib çatmışam…
- Nərminə xanım füsünkar səs sahibi idi, həm də görkəmli qadın idi. Onun haqqında yazılanları oxuyuram, bir neçə yerdə qeyd edilir ki, heç vaxt konsert verməyib, səhnəyə çıxmağa meyil göstərməyib.
- Mən anadan olandan sonra anamın başqa həyatı olmayıb. Ancaq mənimlə məşğul olardı. Özünü bütünlüklə ailəsinə həsr edərdi. 2 saatlıq işə gedirdi, Azəbaycan televiziyasına. Saat 12-dən 2-yə qədər. Tez də evə qayıdırdı. Mənim dərslərimlə maraqlanırdı, məktəbə aparırdı. Mənim savadlı olmağımı, ali təhsil almağımı istəyirdi. Arzusu vardı ki həkim olum. Deyirdi, gərək, qızım ali məktəbi qırmızı diplomla bitirsin, elmi iş müdafiə eləsin. Bunların hər biri oldu. Arzusu yerinə yetdi. Yəqin ruhu rahatdır…

- Atanız Ramiz Qiyasbəyli məşhur nəsildəndir. Həyat yoldaşı kimi münasibətləri necə idi?
- Atamla çox rahat yola gedirdilər. Onlar sevərək ailə qurmuşdular. Sonadək də belə qaldılar. Atam mühəndis idi. Zavod direktoru idi. Amma tarda, pianoda çox yaxşı ifa edirdi. Tez-tez atam gah tarda, gah pianoda ifa edərdi, anam da sevdiyi mahnıları oxuyardı. Anam ailə qurduqdan sonra problemsiz, rahat ömür yaşadı… Mən də indi özümü çox rahat hiss edirəm, çünki anamın arzularını yerinə yetirə bildim…
Demək, sənət heç də qurban tələb etmir. Kimlərsə özünü könüllü şəkildə qurban verir. Nərminə Məmmədova Azərbaycan musiqi sənətində ailəsini sənətdən üstün tutan və buna görə də illər keçsə də unudulmayan, daim ehtiramla xatırlanan Azərbaycan qadınıdır. O özünü sənətə qurban verməyib deyə, sənət onu daha da ucaldıb. Nə özü unudulur, nə də ecazkar səsi və həzin ifaları…
Göydə bulud oynayanda, Gah o yanda, gah bu yanda, Dalğaların qaynayanda, Mən sənə heyranam dəniz...
Bizsə bu gün də Nərminə Məmmədovanı heyranlıqla dinləyirik!..
Törə Zeynallı Demokrat.az


