Siyasət Özəl

"Kiçik sahibkarlar arasında bu hallar daha geniş yayılıb" — 6 min manatadək cərimə oluna bilərlər

Kiçik sahibkarlar arasında bu hallar daha geniş yayılıb — 6 min manatadək cərimə oluna bilərlər

Nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli, bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Card to card" (Kartdan karta) üsulu ilə bağlı sahibkarlara müraciətində bildirilir ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. O da qeyd olunur ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə bu hallara nəzarət və nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi ilə bağlı operativ vergi nəzarəti tədbiri keçirmək vergi orqanının hüquqlarına aid edilib.

"Dəfələrlə edilmiş xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq qeyd olunan qanuna zidd hallar hələ də davam etdiyi üçün bu istiqamətdə vergi nəzarəti tədbirləri gücləndirilib. Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur”.

İqtisadçı ekspert Fuad İbrahimov Demokrat.az-a açıqlamasında deyib ki, kiçik sahibkarlar arasında bu hallar daha geniş yayılıb:

Kiçik sahibkarlar arasında bu hallar daha geniş yayılıb — 6 min manatadək cərimə oluna bilərlər

“Kiçik məhəllə marketlərində də belə hallar yaşanır, iri marketlərdə,mağazalarda isə buna yol verilmir. Bu, birmənalı şəkildə vergidən yayınmaqdır və gizli iqtisadiyyata dəstək verən bir amildir. Vətəndaşların burada itirdiyi odur ki, istehlakçı olaraq hüquqları pozulur. Əgər məhsulu müəyyən dövr ərzində qəbzlə geri qaytarmaq və ya dəyişdirmək mümkündürsə, kartdan karta ödənişlərdə artıq bunu etmək mümkün olmur. Bundan başqa, alıcılar üçün müəyyən bonus proqramları var. Məsələn, “ƏDV-ni geri al”, bank kartının özünün keşbek imkanı var, amma kartdan kartda köçürmə yolu ilə ödəniş edildikdə alıcı bu fürsətlərdən yararlana bilmir.

Satılan mal, məhsul iqtisadi dövriyyəyə cəlb olunmur. Belə hallarla qarşılaşan vətəndaşlar Dövlət Vergi Xidmətinin qaynar xəttinə zəng etməklə problemin aradan qaldırılmasına kömək ola bilər. Amma belə vəziyyətlərdə yaxşı olardı ki, yerindəcə məbləği karta köçürməkdən imtina edilsin və pos-terminal tələb olunsun”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova