Gündəm Özəl

Avropaya enerji ixracında Azərbaycanın imkanları artır — Yeni layihə bu tarixdə tamamlanacaq

Avropaya enerji ixracında Azərbaycanın imkanları artır — Yeni layihə bu tarixdə tamamlanacaq

Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi 2030-cu ilədək tamamlanacaq. Avropaya elektrik enerjisinin ixracına imkan verən, həmçinin Avropa ilə internet əlaqəsini daha sürətli edən bu layihədə Gürcüstanın tərəfdaşlarından biri də Azərbaycandır. Maraqlıdır, layihənin həyata keçirilməsi Azərbaycana nə qazandıracaq?

İqtisadçı Pərviz Heydərov Demokrat.az-a açıqlamasında deyib ki, Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi Cənubi Qafqaz ölkələrinin Avropaya inteqrasiyası və yeni nəql vasitəsinin yaranması baxımından çox önəmlidir:

"Azərbaycan ərazisinə görə və iqtisadi cəhətdən regionun aparıcı ölkəsidir. Gürcüstanda Azərbaycanın investisiya qoyuluşları var, enerji ixrac edirik. Həmçinin Avropaya daşıdığımız enerjinin nəql edildiyi boru kəmərləri Gürcüstandan keçir. Bu baxımdan Azərbaycan üçün bu layihənin xüsusi əhəmiyyəti var. Qara dənizin altı ilə çəkilən kabel xətti gələcəkdə Azərbaycanın Avropaya enerji ixracı üçün daha geniş imkanlar açacaq. Azərbaycan yaşıl enerjinin istehsalı və ixracını qarşısına məqsəd qoyub. İqtisadiyyatın şaxələndirilməsi, alternativ enerji mənbələrinin artırılması prioritet məsələdir".

P.Heydərov bildirib ki, Azərbaycan bu gün Avropa üçün təkcə ənənəvi neft-qaz ölkəsi deyil, həm də elektrik enerjisi təminatçısı rolunda çıxış edir:

"Cənub Qaz, TAP, TANAP layihələri kimi gələcəkdə Qara dəniz sualtı kabel xətti layihəsi də önəmli layihələr sırasında yer tutacaq. Layihənin tez müddətdə tamamlanması Azərbaycanın ixrac imkanlarını artıracaq. Həmçinin kabel xəttinin çəkilişi ölkədə internetin sürətini artıracaq, əhalini keyfiyyətli internet xidmətləri ilə təmin edəcək. Hesab edirəm ki, bu layihə Azərbaycanın iqtisadiyyatına fayda verəcək".

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova