Zaman keçdikdən bir müddət sonra düşmən hesab edilən xalqlar müəyyən iqtisadi-siyasi əlaqələrini möhkəmləndirir və formalaşdırır. Hazırda Dillər Universitetində regionşünaslıq fakultəsində erməni üzrə tədris aparılır. Gələcəkdə Qarabağ Universitetində də erməni dilində tədris aparıla bilər.
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib. O bildirib ki, xalqlar heç bir zaman düşmən ola bilməzlər:
“Zaman keçdikcə insanlar və ölkələr arasında münasibətlər normalaşır. Siyasi məsələlər bəzən gündəmə gəlir, müəyyən narazılıqlar yaranır. Bu təbii prosesdir. Hesab edirəm, qonşu ölkələr əlaqələri möhkəmləndirməlidir. Niyə də olmasın? Əgər bizim ərazimizdə erməni vətəndaşları yaşayacaqsa, əlbəttə ki, bu dilin tədris olunması normaldır. O halda ki, həmin ölkədə bizim Azərbaycan dilimiz tədris edilsin. Bu, qarşılıqlı olmalıdır. Səhv etmirəmsə, İrəvan Dövlət Universitetində Azərbaycan dilinin tədrisi aparılır. Düşünürəm ki, belə bir dinamika ölkələr, xalqlar arasında gələcəkdə əlaqələrin yenidən normallaşmasına, sabitləşməsinə, stabilləşməsinı gətirib çıxaracaq”.
Mehriban Mirzəzadə Demokrat.az


