Paytaxtın mərkəzində uşaq arabaları ilə hərəkət etməkdə çətinlik çəkən şəxsləri gördükcə şəhərdə mobilliyin aşağı səviyyədə olduğu nəzərə çarpır. Nəinki uşaq arabası, eləcə də əlil arabası ilə hərəkət etmək, fiziki məhdudiyyətli şəxslərin şəhərdə hərəkəti üçün mövcud şərait qənaətbəxş deyil. Mərkəz küçələrlə yanaşı vaxtilə salınmış köhnə parklarda da vəziyyət eynilə bu cürdür, yəni əhalinin dincəlmək, hava almaq, gəzinti üçün üz tutduğu məkanlarda.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında deyib ki, Bakı şəhərində piyada infrastrukturu arzuolunan səviyyədə deyil, bariyerlər çoxdur:
“Bu bariyerləri çeşidləmək lazımdır. İşıqfor prinsipi ilə elə bariyer ola bilər ki, 24 saat ərzində həll oluna bilər məsələ. Eləsi də ola bilər ki, onun həlli üçün bir az zamana ehtiyac olar. Üçüncüsü isə daha mürəkkəb söküntülər və qanunvericilikdə bəzi dəyişikliklər kimi həllər ola bilər. Bu mənada köşklər və onların soyuducularının aradan qaldırılması düşünürəm ki, daha tez baş verə bilər. Şəhərin müxtəlif hissələrində pandusların qurulması, məhəllə girişlərinə eyni səviyyəyə, səki səviyyəsinə qaldırılması inklüzivliyi qabardan elementlərdir. Şəhərin müəyyən hissələrində, məsələn “Ağ Şəhərdə”nöqtəvi həlləri görürük, amma ümumi olaraq bu məsələ konsepsiya kimi standartlara salınmalı və qanunvericilikdə bəzi tələblər qoyulmalıdır. Qanunu pozanlar da sərt cəzalandırılmalıdır, deyə düşünürəm”. Son zamanlar müsbət tendensiyanın olduğunu qeyd edən ekspertin sözlərinə görə yeni salınan parklarda məhz inklüzivlik ön plana çıxarılır:
“Bunu Mərkəzi parkda, Nizami bağında, Xaqani bağında, Botanika bağında və digər yeni salınmış parklarda görmək olar. Amma küçələrdə vəziyyət o qədər də yaxşı deyil. Çünki qeyd etdiyim kimi elə bir küçə yoxdur ki, əvvəlindən sonuna kimi piyada gəzmək mümkün olsun. Bakıda müxtəlif uzunluqda – 300 metrlik küçələr də var, 10 kilometrik prospekt də. Amma hər birində səki infrastrukturu bariyersiz olmalıdır.
Nəzərə alaq ki, ölkə əhalisinin 37 faizi az mobillidir, yəni uşaqlar, uşaqlı valideynlər, hərəkət məhdudiyyəti olan şəxslər, görmə məhdudiyyətli şəxslər. Onlar hamısı həssas qrup sayılır, 3,8 milyon insandan söhbət gedir. Düşünürəm ki, bu məsələyə təxirə salınmadan baxılmalıdır. 8 Noyabr prospektində bu istiqamətdə müsbət işlər görülüb. Uşaq arabası ilə, əlil arabası ilı hərəkət edənlər üçün xüsusi panduslar təşkil edilməlidir. Nəqliyyatla, şəhərdə mobilliklə əlaqəsi olan qurumlar – şəhər icra hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, AYNA, AAYDA, “Azərbaycan Dəmir Yolları”, AZAL və digər aidiyyəti qurumlar koordinasiyalı şəkildə piyadaların bariyersiz, bir nöqtədən digərinə rahat şəkildə hərəkətini təmin etmək üçün çalışmalıdır”.
Törə Zeynallı Demokrat.az


