Xaçmaz rayonunda 1982-ci il təvəllüdlü Musa qeyri-rəsmi münasibətdə yaşadığı Aytənə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Musa qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Aytənlə yaşadığı evdə qısqanclıq zəminində aralarında mübahisə yaranıb. Bu mübahisə zamanı Aytəni şillə və yumruqla bir neçə dəfə sifət nahiyəsinə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Musanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Xaçmaz rayonun kəndində daimi qeydiyyatda olmaqla faktiki orada olaraq yaşayır: “Məktəbdə Azərbaycan dilində təhsil almışam. Azərbaycan dilini sərbəst bilirəm. Heç bir psixi xəstəlikdən əziyyət çəkməmişəm, psixiatrik və narkoloji dispanserlərdə qeydiyyatda olmamışam”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ildə Aytəni qəsdən vuraraq sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirdiyinə görə Cinayət Məcəlləsinin 128-ci maddəsi barəsində istintaqı aparılan cinayət işi üzrə barışıq əldə olunduğuna görə onu bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edib, Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilib: “Hazırki cinayət işi üzrə bildirmişəm ki, Aytən ilə 2022-ci ildə qardaşı Ramilin toyunda tanış olublar: “Bizim münasibətimiz yarandığından Aytənin yaşadığı evində bir müddət qeyri-rəsmi ər-arvad kimi yaşamışıq. Aramızda son zamanlar mübahisələr olduğundan 2023-cü ildə onunla birlikdə qala bilməyəcəyimi deyərək evi tərk etdim. Lakin buna baxmayaraq telefonla tez-tez danışmışıq”.
Musa qeyd edib ki, 2024-cü ildə Aytənə zəng edərək harada olmasını soruşub: “Aytən Bakı şəhərində olmasını dedi. Ona nə üçün Bakı şəhərinə getdiyini soruşdum. O da oğlunun yanında olduğunu, Xaçmaz rayonuna qayıdacağını dedi. Sonuncu dəfə Aytən zəng edərək Xaçmaz şəhərində yaşadığı evinə dəvət edərək evdə heç nə olmadığını, ərzaq almağımı dedi. Mən də yemək götürərək həmin gün saat 19:30-da Aytənin yaşadığı ünvana getdim. Aytən evdə tək olub. Aytənlə birlikdə yemək yedik. Aytəndən Bakı şəhərində harada qalmasını soruşdum. O, da 3 gün oğlu Bəhlul ilə qaldığını dedi. Bu səbəbdən qısqanclıq zəminində aramızda sözlü mübahisə yarandı. Aytənin bir dəfə şillə ilə sifətinə vurdum. Aytən məni qorxutmaq üçün əlinə burğac götürdü ki, mən qorxub evdən çıxım. Lakin Aytənin bu hərəkətindən lap da əsəbləşdim və burğacı onun əlindən aldım. Əlimin arxası ilə Aytənin sifət və baş nahiyəsinə bir neçə dəfə vurdum, sonra evi tərk etdim. Bundan sonra Aytənlə münasibətlərimiz korlandı”.
Musa bildirib ki, daha sonra Aytənin onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edib: “Bir neçə gün Aytənlə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə videogörüntülü danışanda onun gözlərinin göyərdiyini gördüm. Törətdiyim əməldən peşmanam, hazırda biz barışmışıq”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Aytənin sözlərinə görə, Musanı çoxdan tanıyır, bir müddət onunla qeyri- rəsmi münasibəti olub: “2023-cü ilin dekabr ayının sonlarında Bakı şəhərinə getdim. 2024-cü ildə Bakı şəhərindən Xaçmaz şəhərinə gəldim. Evdə ərzaq olmadığından Musaya zəng edib yemək alaraq gəlməyimi dedi. Musa da razılaşdı və saat 19:30-da yaşadığım evə gəldi. Musa məndən harada olduğumu soruşan zaman ona Bakı şəhərində oğlumla qaldığını dedim. Lakin Musa buna inanmadı, başqa kiminləsə görüşdüyümü dedi. Bu səbəbdən aramızda mübahisə yarandı. Sonra Musa aqressivləşərək əli ilə saçımdan tutaraq məni divara çırpdı. Sonra isə yumruqla və şillə ilə bir neçə dəfə sifətimə, başıma vurdu. Musa məni döydüyü vaxt qışqırdım, səs-küy saldım. Musa qışqırmağımı gördü və mənə xəsarət yetirdikdən sonra evdən getdi. Mən də hadisə barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək şikayət etdim.
Zərərçəkmiş qeyd edib ki, əvvəlki ifadəsində təqsirləndirilən şəxsin onun yaşadığı mənzilə qanunsuz daxil olmasını deyib: “Bunun səbəbi isə Musanın daha ağır cəza almasını istəməyim olub. Lakin əslində Musa mənim mənzilimə qanunsuz daxil olmayıb. Hadisə mənzildə olduğu üçün hadisəni heç kim görməyib”.
Bu cinayət işinə Xaçmaz Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Musa 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunub.
Fariz Məlikli Demokrat.az


