Xəbər verdiyimiz kimi, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı 5 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.
Həmin satıcılar barəsində inzibati tənbeh tədbirləri görülüb və onların hər biri qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.
Bundan əlavə, polis əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı qanunla qadağan edilmiş yerlərdə siqaret çəkən 8 nəfər müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əsasən protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Sosioloq Lalə Mehralı hesab edir ki, bu məsələdə mağazalar qədər valideynlər də məsuliyyətli olmalıdırlar, çünki hər iki tərəf təklif və tələb edəndir. Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, valideynlər özləri fərqində olmalıdırlar ki, övladlarını siqaret, içki arxasıyca göndərmək düzgün deyil:
“Valideyn gərək bunu uşağın gözündə adiləşdirməsin, yəni uşaq öz beyninə bu fikri yeritməsin ki, “atama alıram”. Uşaqlar özləri də fərqində olsunlar siqareti, içkini əllərinə almamalıdırlar, çünki bu, onların istifadəsi üçün deyil. Bunun üçün də belə zərərli məhsulları uşaqlara aldırmaq, satmaq olmaz. Mağazada satıcı da uşağın yaxınlaşdığını görəndə deməlidir ki, ona içki, siqaret sata bilməz. Dəfələrlə şahidi olmuşam ki, 7-8 yaşında uşağa satıcı enerji içkisi satır və öz etirazımı bildirmişəm. Deyirlər ki, enerji içkisi spirtli içki deyil, amma izah olunmalıdır ki, enerji içkisi də insan orqanizmi üçün təhlükəlidir və uşaqlara satıla bilməz. Uşaq içkini alıb özü də içə və ya atasına aldığı siqareti özü də çəkə bilər. Bəzi satıcılar bunun qanun pozuntusu olduğunu bilmir heç, bu məsələni də aktuallaşdırmaq lazımdır. Satıcı bilməlidir ki, tütün məmulatı, spirtli içki, eyni zamanda enerji içkilərini də uşaqlara sata bilməz. Uşağın bu şeyləri almağı adiləşəndə istifadəsi də adiləşəcək. Düşünəcək ki, alıramsa, deməli elə də ziyanlı bir şe deyil, mən də istifadə edə bilərəm”.
Törə Zeynallı Demokrat.az


