Sosial Özəl

Şagirdlərin yerdəyişməsində hansı məqamlara diqqət edilməlidir?

Şagirdlərin yerdəyişməsində hansı məqamlara diqqət edilməlidir?

Bu il şagirdlərin yerdəyişməsi prosesi avqustun 30-da tamamlanacaq. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında deyilir ki, saat 18:00-a qədər şagirdlərin elektron yerdəyişməsi üçün valideynlər sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirməlidirlər. Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər sentyabrın 5-i saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Yerdəyişmə prosesi yekunlaşdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.

Təhsil eksperti Elnur Aydın Demokrat.az-a açıqlamasında şagirdlərin yerdəyişməsinin bir çox səbəblərinin olduğunu deyib.

Bu səbəblərdən biri də tədrisin keyfiyyətinin bəzi məktəblərdə aşağı olmasıdır:

“İstənilən halda şagirdin məktəbinin və mühitinin dəyişməsi onda narahatçılığa səbəb olur. Bəzi uşaqların yeni mühitə adaptasiya olunması asan olur, bəzilərində isə bu müddət çətin keçir. Hətta yeni mühitə tədrisin sonuna qədər alışa bilməyən uşaqlarımız da olur. Valideynlər övladlarının öyrənmə mühitini dəyişən zaman həssas olmalı, yeni mühitə adaptasiya prosesində övladlarına dəstək olmalıdılar.

O ki, qaldı tədrisin keyfiyyətinə - baxır, valideyn uşağını hansı mühitdən çıxarıb hansı mühitə aparır. Əgər uşaq yeni mühitdə yeni imkanlar taparsa, yerinin dəyişilməsi yaxşı olar, əks halda valideyn "qaş" düzəltdiyi yerdə vurub "gözü" çıxara bilər”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az