Azərbaycan və Pakistan biznes sektorunda, ticarət sahəsində və investisiya qoyuluşunda əməkdaşlıq edəcək.
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun Senat sədrinin müavini Syedaal Xanla keçirdiyi görüşdə bu məsələlər müzakirə olunub. Tərəflər biznes sektorunda nümayəndə heyətlərinin mübadiləsi üçün erkən fəaliyyət planının hazırlanmasına dair razılığa gəlib. Syedaal Xan Pakistan və Azərbaycan arasında iqtisadi-ticarət, investisiya, enerji, müdafiə, kənd təsərrüfatı və təbii sərvətlər sahələrində əməkdaşlığın artırılmasına ehtiyac olduğunu vurğulayıb. Syedaal Xan həmçinin biznes nümayəndə heyətlərinin mütəmadi mübadiləsinin ticarət və investisiya imkanlarını artıra biləcəyini bildirib.
İqtisadçı ekspert Xalid Kərimli iki ölkə arasında sözügedən sahələrdə əməkdaşlıq imkanlarını Demokrat.az-a açıqlamasında dəyərləndirib:

“Pakistan əhalisinin sayının çox olmasına, işçi qüvvəsinin çoxluğuna baxmayaraq az inkişaf edib və iqtisadiyyatı çox zəifdir. Əhalinin sosial vəziyyəti ağırdır, alıcılıq qabiliyyəti aşağıdır, işsizlik problemi böyükdür. Ancaq ənənəvi olaraq Pakistanın tekstil sahəsində, geyim, dəri məhsullarında, idman məhsulları, avadanlıq, kimyəvi məhsulların istehsalı, xalçaçılıq sahələrində üstünlüyü var. Bu sahələrdə Pakistan dünya bazarında seçilən ölkələrdəndir. Pakistanlı investorlar bu sahələri Azərbaycanda inkişaf etdirə bilərlər düşünürəm. Azərbaycan da öz növbəsində Pakistanın enerji infrastrukturuna, həm ənənəvi, həm bərpaolunan enerjinin inkişafına investisiya qoya bilər. Həmçinin Pakistanın Bəlucistan əyaləti mineral sərvətlərlə zəngindir, iqtisadi-ticari əməkdaşlıqda bu da önəm kəsb edə bilər. Lakin bu əməkdaşlıqların reallaşdırılması razılaşmaların nəticələrindən asılı olacaq, sadə məsələ deyil. Ölkələr arasında müzakirələr gedir, hər iki tərəf əməkdaşlıqda maraqlı görünür. Düşünürəm ki, perspektivdə bunun reallaşması üçün hər iki ölkənin mövcud potensialı böyükdür”.
Törə Zeynallı Demokrat.az


