Sosial Özəl

II ixtisas qrupunda rəqabət artıb — Maraq da yüksəkdir

II ixtisas qrupunda rəqabət artıb — Maraq da yüksəkdir

Bu il universitetlərə qəbul zamanı ən çox plan yeri II ixtisas qrupunda dolub. Bu göstərici 98 faizdən çox təşkil edib. Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbulun nəticələrinə həsr olunan mətbuat konfransında bildirib ki, II qupda plan yerlərinin sayı imtahan verən və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayından çox olub: “Lakin əvvəlcədən də proqnoz edildiyi kimi subbakalavrların şansı var idi və onların hesabına dolma göstəriciləri yüksəkdir. Ən çox subbakalavr (3549 nəfər) da məhz II qrup üzrə ixtisaslara qəbul olunub. I qrup üzrə də subbakalavrların imkanları var idi və 3053 nəfər qəbul olunub. I, III, IV və V ixtisas qruplarında plan yerləri müvafiq olaraq 93.37%, 97.38%, 89.96% və 92.20% dolub”, - M.Abbaszadə qeyd edib.

Təhsil eksperti Səbuhi Abdullayev II ixtisas qrupunda plan yerlərinin dolmasının səbəbini bu qrupdakı ixtisaslara marağın yüksək olması ilə əlaqələndirib. Ekspert Demokrat.az-a digər səbəbləri də açıqlayıb:

“II ixtisas qrupunda əvvəllər regionşünaslıq ixtisası var idi, sonradan bu ixtisas III qrupa keçirildi. Bu ixtisasa aşağı balla qəbul olmaq mümkün idi, plan sayı da çox idi. Bu ixtisasın digər qrupa keçirilməsi rəqabəti artırıb və plan yerlərinin əksəriyyətinin dolmasına səbəb olub. Digər tərəfdən II qrupda iqtisadiyyat yönümlü ixtisaslar, xüsusilə də beynəlxalq münasibətlər ixtisası yer alır. İngilis dilində tədris olunan ixtisaslar da burada əhəmiyyətli yer tutur. Düşünürəm ki, bu amillər II qrupda rəqabəti daha da artırır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova