Bir neçə bank olmayan kredit təşkilatı (BOKT) cərimələnib. Mərkəzi Bank 5 BOKT-un vəzifəli şəxslərini qanunvericiliyə əməl etmədiyinə görə cərimələyib. Cərimə edilən təşkilatlar "Caspian Finance BOKT" MMC, “Finca Azerbaijan”, “FinEx Kredit”, “Kəpəz” BOKT MMC və “TCF” BOKT ASC-dir. Səbəb “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsi və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması olub. İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə uyğun olaraq, "Caspian Finance BOKT" MMC, “Finca Azerbaijan” və “FinEx Kredit”in hər birində bir vəzifəli şəxs 1 500 manat, “Kəpəz” BOKT MMC və “TCF” BOKT ASC-nin bir vəzifəli şəxsi isə 2 000 manat məbləğində cərimə olunub.
Bank sektoru üzrə mütəxəssi, hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a borcalanlar haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsinin vacib olduğunu deyib:
“Mərkəzləşdirilmiş Kredit Reyestri bu məlumatlar əsasında hər bir vətəndaşın kredit tarixçəsini formalaşdırır. Bankdan, BOKT-dan nə qədər kredit götürmüşük, necə, nə vaxt qaytarmışıq – bütün bunlar barədə Reyetsrdə məlumatlar var. Sabah yenə kredit almaq üçün müraciət etdikdə qurum reyestrə daxil olub məlumatlarla tanış olur. Bu məlumatlar da kredit götürmək istəyən şəxs barədə fikir formalaşdırır, şəxsin kredit tarixçəsi müsbət də ola bilər, mənfi də. Qurum üçün bu, önəmlidir və buna əsaslanıb şəxsə kredit verə və ya verməkdən imtina edə bilər. Məlumat reyestrə daxil edilmədikdə vətəndaşın kredit tarixçəsi tam formalaşmır. Natamam məlumatlar şəxs haqqında düzgün fikir formalaşdırmaya, bankı və ya BOKT-u yanılda bilər”.
Törə Zeynallı Demokrat.az


