Kriminal Özəl

“Arvadımın qeyri-etik videolarını, intim mesajlarını göndərdi” — MƏHKƏMƏ

“Arvadımın qeyri-etik videolarını, intim mesajlarını göndərdi” — MƏHKƏMƏ

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 1991-ci il təvəllüdlü Vüsal qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Fərqanəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 22-də Şərur rayonunun kəndlərindən birində baş verib. Vüsal həmin gün saat 18:00-da kənd ərazisində yerləşən çöllük ərazidə dini nikahda olduğu arvadı, Türkiyə Respublikasında cəzaçəkmə müəssisəsində olduğu zaman ona xəyanət etdiyi üçün qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı onu döyməklə ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 1996-cı ildə ailəsi ilə birlikdə Türkiyə Respublikasına gedib: “2015-ci ildə orada həmyerlim Fərqanə ilə tanış oldum. 2016-cı ilin yanvar ayında ailə həyatı qurduq. Sənədlərimiz olmadığı üçün rəsmi nikaha girə bilmədik. Birgə yaşadığımız müddətdə 3 uşağımız doğuldu. Biz xoşbəxt ailə həyatı yaşadıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra ona cinsi istismarla bağlı şər atılıb, Türkiyə məhkəməsi tərəfindən barəsində hökm çıxarılıb: “2021-ci ildə Türkiyə Respublikasının qanunvericiliyi ilə azadlıqdan məhrum olundum. Cəzaçəkmə müəssisəsinə gedən zaman Türkiyə Respublikası vətəndaşı olan bacım oğlu Elçinə öz telefonumu verdim. Ona həbsdə olduğum müddətdə Fərqanəyə nəzarət etməsini xahiş etdim. Elçin də Fərqanənin “votsap” hesabını öz telefonundakı “votsap” hesabına yönəltdi, onun yazışmalarını gördü”.

Vüsal bildirib ki, 2023-cü ilin sentyabrında amnitsiyaya düşüb və Türkiyədən deportasiya edilib: “Bundan sonra Şərur rayona gəldim. Fərqanə və uşaqlarım Türkiyədə yaşayan qayınatamın evində qaldı. Uşaqlarım məktəbə getməli olduğundan Fərqanəyə uşaqlarım ilə birlikdə Şərur rayonuna gəlməsini dedim. Həmin ilin oktyabrın 22-də yoldaşım və uşaqlarım kəndə gəldilər. Fərqanənin barəsində qardaş-bacım arasında olan söz-söhbətlərə və özümə olan soyuq münasibətə baxmayaraq xoşbəxt yaşadıq. Bir ay sonra isə noyabrın 21-də Naxçıvan şəhərinə bacımgilə qonaq getdik. Orada bacımdan mənə və ailəmə olan soyuq münasibətin səbəbini soruşdum. Bundan sonra söhbətin açıldı. Bu söhbətlərdən sonra axşam saatlarında Türkiyədə yaşayan bacım oğlu Elçin mənə “votsap” tətbiqi vasitəsilə arvadım Fərqanənin qeyri-etik videolarını, Türkiyə vətəndaşı olan şəxslərlə intim mesajlarını atdı, Onları görərkən şoka düşdüm”.

Vüsalın ifadəsinə görə, noyabrın 22-də, günortadan sonra Naxçıvanda yaşayan bacısıgildən evə qayıdıb: “Özümü heç cür ələ ala bilmədim. Sonra Fərqanəyə paltarlarını geyinməyini dedim, onu kəndin kənarında heç kimin olmadığı yerə apardım. Fərqanəyə mənə atılan mesajlar barədə sual verdim. Fərqanə də olanları təsdiqlədi, etdiyi əməldən peşman olduğun, onu bağışlamağımı xahiş etdi. Çox əsəbi olduğum üçün Fərqanəni döyməyə başladım. Sonra götürərək evə gəldim. Evdə heç kimə heç nə demədim. Dekabr ayının əvvəllərində Fərqanənin əmisi arvadı bizə gəlib-getdi. Sonrakı gün isə əmisi polislə gələrək Fərqanənin apardı. Hazırda tutduğum əməldən peşman olmuşam. Barışmaq üçün dəfələrlə cəhd etmişəm. Hazırda ailə olaraq barışmasaq da, Fərqanə şikayətindən imtina edib. Buna görə 3 azyaşlı uşağımı da könüllü şəkildə Fərqanəyə vermişəm”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Fərqanənin sözlərinə görə, 2008-ci ildən ailəsi ilə birgə Türkiyə Respublikasına gedib, 2016-ci ildə Vüsal ilə dini nikaha girməklə ailə qurub: “Bizim 3 uşağımız doğuldu. Müəyyən müddət mehriban yaşasaq da, sonradan ərim Vüsal məni qısqandığından aramızda münaqişələr oldu. 2021-ci ildə Vüsal Türkiyə Respublikasında təcavüzə görə azadlıqdan məhrum olundu. Həbsdə olarkən telefonla danışdıq, 2 ildən sonra həbsdən azad edilərək yaşamaq üçün Naxçıvana qayıtdı. Vüsalın istəyi ilə övladlarım ilə birlikdə 22 oktyabr 2023-cü ildə Şərur rayonuna gəldik. Şərurun kəndində birgə yaşadıq”.

Fərqanə qeyd edib ki, onların ailəsində yenidən münaqişələr olub, Vüsal onu yenidən əxlaqsızlıqla günahladırmağa başlayıb: “21 noyabr 2023-cü ildə Vüsal Naxçıvan şəhərinə gedərək gecəni orada qaldı. Noyabrın 22-də kəndə qayıtdı. Həmin gün Vüsal evdə yemək yedikdən sonra mənimlə təxminən 18:00-da kənddə yerləşən çöllük əraziyə getdi. Orada mənə əxlaqsızlıq etdiyimi dedi. Bu zəmində aramızda mübahisə yarandı. Bundan sonra məni amansızcasına döydü. Vüsal bədənimin müxtəlif yerlərinə yumruqla, təpiklə və ağac parçası ilə zərbələr vurdu. Sonra huşum getdi. Ayılandan sonra birgə evə qayıtdıq. Qaynım arvadı mənə kömək etdi, yarama baxdı. Bundan sonra Vüsal ilə birgə yaşadıq. Atamgillə danışa bilmədim. Onlar da nigaran qalaraq əmim arvadını göndərdilər. Əmim arvadına olanları danışdım. Mənim istəyim ilə dekabrın 2-də əmim gələrək məni özünün yaşadığı evə apardı. Vüsal ilə barışmamışam. Lakin uşaqlarıma görə onun cəzalanmasını istəmirəm. Buna görə də onun barəsində etdiyim şikayətdən imtina etmişəm”.

Bu cinayət işinə Şərur Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Vüsalın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova