Dünya

"Kursk əməliyyatını Zelenski yox, Britaniya başladıb…” — ŞOK İDDİA

Kursk əməliyyatını Zelenski yox, Britaniya başladıb…” — ŞOK İDDİA

“Ukrayna tanklarının Moskvaya qədər gedib çatacağını düşünmürəm”.

Bu sözləri AĞ Partiya sədrinin birinci müavini, politoloq Əhəd Məmmədli“Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, Ukraynanın Kurska daxil olması Rusiyanın imicinə ciddi zərbədir:

“Düzdür, bu, Ukraynanın mübarizə aparmağı üçün növbəti “nəfəs”dir.

Sözügedən əməliyyat Kiyev ilə Moskva arasında aparılması gözlənilən danışıqlara da ciddi zərbə vurur. Lakin bu əməliyyat nəticəsində Rusiyanın çökəcəyi, məğlub olacağı kimi iddialar da gülüncdür. Mən müharibənin yeni bir qarşıdurma astanasında olduğunu düşünürəm. Kursk əməliyyatının davam etməsi Rusiyanı daha da bataqlığa batırır. Qərbdən Ukraynaya silah yardımı davam etsə, Rusiyanın işi daha da çətinləşəcək.

Buna baxmayaraq, rusların da hələ cavab vermək potensialı var. Həmin potensialdan istifadə olunsa, vəziyyət daha da gərginləşəcək. Bu qarşıdurma həm Rusiya, həm də Ukrayna üçün ciddi itkilərlə nəticələnməyə davam edəcək. Bu məsələdə qazanclı tərəf isə yenə də ABŞ və Böyük Britaniyadır”.

Həmsöhbətimiz Belarusun müharibəyə qoşula biləcəyi barədə ehtimallara da toxunub:

“Belarusun müharibəyə qoşulacağını zənn etmirəm. Ən azı ilk həmləni onlar etməyəcək. Çünki Belarus Prezidenti Aleksandr Lukaşenko çox ehtiyatlıdır. O, ağıllı və müdrik siyasətçidir. Məncə, Belarus həmlə etmək istəsəydi, müharibəyə çoxdan qoşulmuşdu. Ukraynaya gəldikcə, məntiqlə düşünsə, o, Belarusa qarşı addım atmamalıdır. Lakin bu müharibədən məntiqli addım gözləmək olmur”.

Politoloq xatırladıb ki, Kursk əməliyyatının başlamasını Ukrayna Prezidenti Volodimir Zelenski 4 gün sonra elan etdi:

“Bu və digər bənzər hallar Ukrayna ordusunun tamamilə Zelenskinin nəzarətində olduğuna dair şübhələr yaradır. Hətta Kursk əməliyyatı Zelenskinin xəbəri olmadan başlamış ola bilər. Məncə, bunun arxasında Britaniya kəşfiyyatı dayanır. Ümumiyyətlə, Ukrayna hazırda müharibə poliqonuna çevrilib. Xatırlayaq ki, ötən əsrin 70-80-cı illərində Livan kəşfiyyatların mərkəzi idi. Həmin illərdə Beyrutda xarici kəşfiyyatlar arasında mübarizə gedirdi. İndi də həmin mübarizə Ukraynada yaşanır. Yəni Ukrayna müxtəlif dövlətlərin müharibə meydanına çevrilib”.

Əhəd Məmmədli hesab edir ki, Kursk əməliyyatı cari ilin sonuna qədər davam edə bilər:“Fikrimcə, Kursk əməliyyatı uzun müddət davam edə bilər. Nəzərə almaq lazımdır ki, Rusiya Baxmutda 10 ay əməliyyat apardı.

Ona görə də Kurskdakı əməliyyatın da uzanması mümkündür. Kursk əməliyyatının ən azı sentyabr ayına qədər davam edəcəyini düşünürəm. Amma ilin axırına kimi də davam edə bilər”.

O, Ukraynanın Kursk vilayətini ələ keçirməsindən sonra Rusiyanın Donbas və ətraf ərazilərlə silah təminatının kəsiləcəyi iddiaları ilə bağlı da danışıb:

“Ukraynalılar düşünürdülər ki, Kursk əməliyyatı başlayandan sonra ruslar Donbasdan çəkiləcək, amma belə olmadı. Ümumiyyətlə, müharibədə müdafiə olunmaq daha rahatdır. Düzdür, Kursk əməliyyatı ukraynalılara üstünlük qazandıra bilər, amma bu, tam üstünlük olmayacaq.

Çünki ruslar Donbas və işğal olunan əraziləri silahla təchiz etmək üçün qısa müddətdə yeni yollar çəkə bilərlər. Yəni Kursk əməliyyatı Ukraynaya müvəqqəti üstünlük qazandıra bilər, Rusiyanın işini isə bir az çətinləşdirə bilər. Lakin bunun ümumi olaraq müharibənin gedişatına təsir edəcəyini zənn etmirəm. Tərəflərin hər ikisi sadəcə çox cüzi irəliləyir və ya geri çəkilir. Əslində hər ikisi bataqlıqdadır. Burada qalib olan tərəf isə sadəcə anqlo-saks ittifaqıdır”.

NE
Nihadə Eyyubova