Qarşıdakı günlərdə isti hava şəraiti davam edəcək. Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, sabah havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-39°, Naxçıvan MR-da və Aran rayonlarında 35-38° isti, bəzi yerlərdə 40° isti, dağlıq rayonlarda 25-30° isti olacağı gözlənilir. İsti hava şəraitinin Bakıda və Abşeron yarımadasında avqustun 23-ü, Naxçıvan MR və Aran rayonlarında isə avqustun 23-24-dək davam edəcəyi gözlənilir.
İsti havalarda günvurma halları qaçılmazdır. Günün pik saatlarında günəş şüaları ilə birbaşa təmasdan çəkinmək lazımdır.
Həkim-terapevt Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında günorta vaxtı açıq havada olmağın insan orqanizminə zərər verdiyini, həyat və sağlamlıq üçün təhlükəli olduğunu deyib:
“Yaxşı olar ki, məcbur olmadıqca insanlar gündüz saat 11:00-dən axşam 17:00-dək çöldə, açıq havada olmasınlar, çünki bu saatlar günəş şüalarının ən təhlükəli olduğu vaxt dilimidir.
Günorta vaxtı çöldə olan insanı gün vura bilər, günəşin zərərli şüalarına məruz qala bilər. Yayda yarım saat belə günəş altında qalmaq insanı xəstə edə bilər. Bu zaman şəxsdə ürəkbulanma, qızdırma, qusma baş verə bilər. Havanın temperaturunun 37 dərəcədən yüksək olduğu günlərdə günvurma halları daha çox yaşanır.
İsti havalarda insanlarda yorğunluq, baş ağrısı, halsızlıq, təzyiqin dəyişməsi, iştahsızlıq, baş gicəllənmələri, huşunu itirmə müşahidə edilir. Hər zaman, xüsusən də yayda bol maye qəbul etmək, isti havalarda açıq rəngli geyimlər geyinmək, çölə çıxarkən mütləq çətir, papaq, su götürmək lazımdır. Xroniki xəstəliyi olan şəxslərin, yaşlıların, uşaqların isti havalarda çölə çıxmamaları tövsiyə olunur”.
Törə Zeynallı Demokrat.az


