Tovuz rayonunda 1987-ci il təvəllüdlü Ülvi şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nəsibəyə və onun anası Nəcibəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Tovuz rayonunun kəndində baş verib.
Ülvi həmin kənddə yerləşən fərdi yaşayış evinin həyətində məhkəmənin müvafiq qərarı ilə keçmiş arvadının himayəsində olmaqla görüş üçün yaşadığı evə gətirdiyi azyaşlı övladı Elgünü aparmaq üçün gəlmiş Nəsibə və onun anası Nəcibə ilə icazə verilmiş müddətin başa çatması, uşağın geri qaytarılması ilə bağlı aralarında mübahisə yaranıb.
Şəxsi münasibətlər zəminində mübahisə zamanı orada olan dəmir materiallı stul ilə keçmiş arvadı Nəsibəni qəsdən bir dəfə zərbə ilə vuraraq ona xəsarətlər yetirıb. Həmin stulla daha sonra isə onun bu hərəkətinin qarşısını almaq istəyən Nəcibənin bədəninin müxtəlif nahiyələrinə vurub.
Hadisəni törədən Ülvinin barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ülvi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Tovuz rayonu kəndində yaşayır, Nəsibə ilə 2011-ci ildə evlənib, onların birgə nikahlarından 3 övladı doğulub:
“2022-ci ilin iyul ayında arvadım ilə boşandıq. Əslində boşanmağımız formal olub. Bundan sonra faktiki olaraq bir müddət bir yerdə yaşamışıq. 2022-ci ilin avqust ayında işləmək üçün Rusiya Federasiyasına getdim. Ailəm isə evdə qaldı. Həmin vaxt anam ilə aralarında söz-söhbət olması səbəbindən həyat yoldaşım Nəcibə hər üç övladını da götürərək evdən gedib, kirayədə yaşayıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ildə səhər saatlarında evdə olmadığı zaman Nəsibə hər üç övladını da götürərək Tovuz rayonunun digər kəndində yaşayan anasının evinə gedib:
“Anam oğlum Əlini görmək istədiyini bildirdi. Əmiminin gəlini və əmim arvadı ilə birlikdə oğlum Əlini gətirmək üçün keçmiş qayınanam Nəcibənin evinə getdim. Nəsibəyə anamın xəstə olduğunu və oğlum Əlini görmək istədiyini bildirdim.
Nəcibə də razılaşdı və gün ərzində geri qaytarmağımı istədi. Sonra gec olduğu üçün Nəsibənin qardaşı arvadına mesaj yazaraq oğlum Əlini səhəri gün gətirəcəyimi bildirdim. Nəsibənin qardaşı arvadı da mənimlə razılaşdı”.
Ülvi deyib ki, bundan təxminən 1 saat sonra Nəsibə, Nəsibənin anası Nəcibə və əmisi gəlini Südabə onun yaşadığı evə gəliblər:
“Südabə mənə Nəsibənin Əlini aparmaq üçün gəldiyini bildirdi. Nəsibənin Əlini aparmağı ilə razılaşdım. Südabə evimdən çıxaraq getdi. Əlinin paltarını geyindirən zaman Nəsibədən onu hansı avtomobil ilə aparacağını soruşdum. Nəsibə Əlini piyada aparacağını bildirdi.
Mən də hava soyuq olduğu üçün Əlini piyada aparması ilə razılaşmadım. Bu zaman Nəsibə yaşadığım evin həyətində olan vedrəni mənə tərəf atdı, Əlini aparacağını bildirdi. Lakin vedrə mənə dəymədi. Həmin vaxt Nəcibə evin həyətində olub. Bacım Tamara da yanımızda olub. Nəsibə və anası Nəsibə evinin həyətində səs-küy saldı. Aramızda yaranmış mübahisə zamanı onları stul ilə vurdum. Lakin bu zaman onlar ciddi xəsarət almadılar. Hər bir halda törətdiyim əməldən peşmançılıq hissi keçirirəm”.
İş üzrə zərərçəkmiş Nəsibənin sözlərinə görə, Tovuz rayonun kəndində anası Nəcibə və üç azyaşlı övladları ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir:
“Ülvi ilə rəsmi olaraq 2011-ci ildən 2022-ci ilə qədər ailəli olmuşam. Birgə nikahdan Zəminə, Ləman və Əli adlı üç azyaşlı uşağımız var. 2022-ci ilin iyul ayında Ülvi ilə rəsmi olaraq boşandıq.
Tovuz Rayon Məhkəməsinin qərarına əsasən boşandıqdan sonra hər üç övladım mənimlə birlikdə qaldı. Boşandıqdan sonra övladlarım ilə birlikdə kirayədə yaşamışam”.
Nəsibə qeyd edib ki, 2023-cü ilin martında Ülvinin qohumlarının təkidi ilə yenidən onunla barışıb:
“Lakin nikaha girmədik. Ülvi ilə barışdıqdan sonra əvvəllər olduğu kimi yenə də onun və anası Solmaz mənimlə heç bir səbəb olmadan mübahisə etdi. Ülvi və anası mənə normal münasibət göstərmədikləri üçün 2024-cü ildə hər üç övladımı da götürərək anam Nəcibənin evinə getdim”.
Zərərçəkmiş şəxsin ifadəsinə görə, saat 11 radələrində Ülvi əmisinin arvadı və onun gəlini ilə birlikdə anasının evinə gəliblər:
“Onlar Ülvinin anasının səhhətinin pisləşdiyini və nəvələrini görmək istədiyini bildirdilər. Mən də övladlarımı aparacaqları təqdirdə tez bir zamanda geri qaytarmalarını istədim. Böyük qızım bacımın evində olub.
Digər qızım isə onlarla getmək istəmədiyini bildirdi. Onlar 2015-ci il təvəllüdlü oğlum Əlini özləri ilə apardılar və 1-2 saat müddətində geri qaytaracaqlarını vəd etdilər. Lakin Ülvi övladımı geri qaytarmadı. Saat 22 radələrində anam ilə oğlum Əlini gətirmək üçün Ülvinin yaşadığı evə getdik. İlk olaraq Ülvi ilə qonşu yaşayan əmim gəlini Südabənin evinə getdim və ondan oğlum Əlini mənə qaytarmasını istədim. Südabə də mənimlə birlikdə Ülvinin evinə getdik. Ülvini səslədim, Əlini aparmaq üçün gəldiyimizi bildirdi. Həmin zaman mən anam ilə evin həyətinin giriş qapısında gözlədik. Südabə isə digər qonşunun evinə getdi.
Ülvi ilk olaraq Əlini mənimlə getməsinə razılıq verdi. Evin giriş qapısının pilləkəninə doğru yaxınlaşaraq Əlinin ayaqqabısını və gödəkcəsini geyindirmək istədi. Bu zaman Ülvinin qolundan itələyərək özü uşağı geyindirəcəyimi dedim. Anam da Ülvinin yaşadığı evin qarşısında, küçədə məni gözlədi. Ülvi məndən Əlini hansı avtomobil ilə aparacağını soruşdum. Ülviyə piyada gedəcəyimizi bildirdim”.
Nəsibənin sözlərinə görə, bu zaman Ülvi Əlini əlindən tutub və ona verməyəcəyini deyib:
“Həmin vaxt küçəyə çıxaraq yenidən Südabəni çağırmaq istədim. Bu vaxt Südabənin bizə tərəf yaxınlaşdığını gördüm. Ülvi Əlini verməyəcini bir daha bildirdi. Mən də əsəbləşdim və Ülvinin evinin həyətində olan vedrəni yerə çırparaq oğlum Əlini mənə verməsini istədim. Ülvinin bacısı Tamara bizim səsimizə evin həyətinə çıxdı. Əli də ağlayaraq yanıma gəldi. Bu zaman Ülvi pilləkənin üzərindəki dəmir materialdan olan stulu götürərək mənə tərəf gəldi. Südabə və Tamara Ülvinin əlindən stulu almaq istəsələr də, Ülvinin əlindən stulu ala bilmədilər. Anam Nəcibə də Ülvinin əlində stul mənə tərəf gəldiyini gördüyü üçün bizə yaxınlaşdı. Anam bizə çatanadək Ülvi stul ilə o baş nahiyəmə zərbə endirmək istədi. Mən sağ əlimi irəli tutduğum üçün stul sağ qoluma, stulun ayaq hissəsi isə burun və baş nahiyəmə dəydi. Mən sağ qolumdan, sağ qulağımdan eyni zamanda sağ bazu nahiyyəmdən xəsarətlər aldım. Həmin vaxt burun nahiyəmdən qan axmağa başladı. Ülvi mənə növbəti dəfə zərbə endirmək istəyən zaman anam Nəcibə qarşısına keçdi və stulun baş nahiyəmə dəyməməsi üçün əli ilə baş nahiyəmi qorumağa çalışdı. Bu zaman stul anamın sağ əl və qol nahiyəmə dəydi.
Ülvi növbəti dəfə yenə anam Nəcibənin baş nahiyəsinə zərbə endirmək istədi. Bu dəfə stul anamın yenə sağ qoluna və nisbətən də baş nahiyəsinə dəydi. Həmin vaxt Ülvinin anası da evdən həyətə çıxdı. Onlar Ülvini araladılar. Mən isə anamla birlikdə dərhal oğlum Əlini də götürərək oradan piyada uzaqlaşdı, evə gəldilər. Ülvinin anası da bizim arxamızca nalayiq ifadə işlətdi. Ülvi ilə aramızda olan mübahisə və Ülvinin bizi döyməsi ümumilikdə təxminən 10-12 dəqiqə davam etdi. Kənardan onların səsinə heç kəs toplaşmayıb. Hazırda təqsirləndirilən şəxs ilə barışmışam. Ondan hər hansı şikayət və tələbim yoxdur”.
Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Ülvi 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli Demokrat.az


