“Adətən müxtəlif regionlar öz nüfuzlarını və təsir mexanizmlərini qorumaq məqsədilə müxtəlif vasitələrdən istifadə edirlər. Bu vasitələrdən biri də silahlı münaqişələrdir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, adətən bu tip münaqişələrdə qlobal güclər, xüsusilə də ABŞ süni şəkildə münaqişələri alovlandırır:
“Proseslər adətən belə baş verir. Qismən zəif imkanlara malik ölkə daha güclü olana qarşı silahlandırılır. Silahlı münaqişə aparmaq üçün zəruri olan hərbi-texniki, siyasi, diplomatik dəstək verilir. Qismən böyük olan dövlət müstəqil siyasət yeridəndə və yaxud “sözə baxmayanda” həmin o kiçik dövlət münaqişənin alovlandırılması üçün addımlar atır. Həmin bu məsələləri həm Rusiya-Ukrayna cəbhəsində, həm Yaxın Şərqdə, həm də Azərbaycanla Ermənistan arasındakı Qarabağ məsələsində münaqişənin alovlandırılması zamanı müşahidə etdik. Bu prosesləri bu gün də izləməkdəyik. Əsasən bu proseslərin başında ABŞ və Fransa dayanır”.
Ekapert qeyd edib ki, Üçüncü Dünya Müharibəsi çoxdan başlayıb:
“Üçüncü Dünya Müharibəsinə gəlincə, bu müharibə 2 il yarımdır ki, Ukrayna ərazisində davam edir. Sadəcə burada münaqişənin iki böyük ölkə ərazisində davam etməsi, hələlik digər ərazilərə xüsusəndə Polşa və Belarus kimi ərazilərə sıçramayıb. Bu məsələdə bir çox ölkələr, hətta münaqişə tərəflərinin özləri də maraqlı görünmürlər.
Digər tərəfdən isə İsrail və Fələstin arasında olan gərginlik və yaxud İsrailin Livanla, Suriya ilə olan münasibətləri də bu Üçüncü Dünya Müharibəsinin ayrı-ayrılıqda elementləridir. Sadəcə bu elementlərin paralel olaraq geniş miqyaslı münaqişəyə çevrilməsi hələki baş verməyib. Baş verməsini də istəməzdim. Çünki bu baş verərsə, artıq Avropa ilə Yaxın Şərq arasında müharibədən hansısa bir dövlətin istəsə belə iştirak etməməsi mümkün olmayacaq. Yəni regional münaqişlər qlobal münaqişəyə çeviriləcək və dövlətlər məcbur olub, bu münaqişədə öz ordusu ilə iştirak etməli olacaq. Bu isə təbii ki, dünyaya çox böyük fəlakətlər gətirəcək”.
Mehriban Mirzəzadə Demokrat.az


