“Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində ölkə ərazisində təbliğat-təşviqat kampaniyası davam edir, namizədlikləri qeydə alınmış şəxslər öz dairələrində seçiciləri ilə görüşürlər. Yeni Azərbaycan Partiyasının namizədi kimi mən də partiyanın qrafikinə uyğun olaraq namizədliyimin irəli sürüldüyü 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsində seçicilərlə görüşlər keçirirəm. Görüşlər zamanı hər dəfə şahidi oluram ki, ölkəmizdə həqiqətən də çox gözəl seçki mühiti yaradılıb”. Bu fikirləri Demokrat.az-a açıqlamasında VI Çağırış Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Sentyabrın 1-də baş tutacaq növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olan Kamran Bayramov əminliklə vurğulayıb ki, seçki kampaniyası Seçki Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq həyata keçirilir:
“Həm Mərkəzi Seçki Komissiyası, həm də dairə seçki komissiyaları tərəfindən namizədlərin sərbəst şəkildə dairələrdə təbliğat-təşviqat işləri aparması üçün bərabət imkanlar yaradılıb. Seçicilərlə görüşlərin keçirilməsi üçün açıq və qapalı məkanlar ayrılıb. Vətəndaşlar da seçki öncəsi təbliğat-təşviqat işlərinə böyük maraq göstərirlər. Seçicilərlə görüşdə Yeni Azərbaycan Partiyasının seçki platforması, proqramı, şüarı barədə məlumat verirəm, həmçinin seçicilərin yaşadıqları ərazilərdə üzləşdikləri mövcud problemlər qaldırılır, bu problemlərin həlli yolları ilə bağlı onlarla müzakirələr aparılır.
Şübhəsiz ki, əvvəlki illərdə olduğu kimi budəfəki parlament seçkiləri də demokratik dəyərlərə uyğun şəkildə keçiriləcək. İnanıram ki, Yeni Azərbaycan Partiyası hər zaman olduğu kimi yenə də parlaq qələbə qazanacaq. Əsas odur ki, vətəndaşların edəcəyi seçim ölkəmiz, xalqımız, cəmiyyətimiz üçün xeyirli-uğurlu olsun!”.
Törə Zeynallı Demokrat.az


