“Hazırda dünyada meymunçiçəyi virusunun yayılması təşviş doğurur. Virus Azərbaycanda yayılsa, müəyyən karantin tədbirlərinin görülməsi qaçılmaz olacaq. Yeni virusun yayılmasının qarşısını almaq üçün də müəyyən tədbirlər düşünülüb. Quru sərhədlərin bağlı qalması da bunun bir nümunəsidir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında VI Çağırış Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Millət vəkili qeyd edib ki, quru sərhədlərin açılması məsələsi bu vaxta qədər dəfələrlə gündəmə gəlib:
“Hökumət də bu məsələyə aydınlıq gətirib. İnsanların sağlamlığının qorunması ən vacib məsələdir və dövlət bunun üçün bütün lazımi addımları atır. Pandemiya zamanı da bunun şahidi olduq. Koronavirus bəşəriyyət üçün ağır bəla idi, Azərbaycan da bundan ziyan gördü, ancaq dövlətin həyata keçirdiyi tədbirlər ziyanın miqyasının genişlənməsinə imkan vermədi.
Əvvəldən düşünülmüş tədbirlər, modul tipli xəstəxanaların istifadəyə verilməsi və tibb sahəsində savadlı kadrların çalışması bu baxımdan öz nəticəsini verdi. Bununla belə vətəndaş olaraq hər bir yayılmaqda olan yeni bəladan özümüzü qorumaq üçün diqqətli olmalı, gigiyena qaydalarına, təlimatlara əməl etməliyik”.
Törə Zeynallı Demokrat.az


