Sosial Özəl

Təhsil eksperti: “Abituriyentlərin taleyi ilə oynayırlar...”

Təhsil eksperti: “Abituriyentlərin taleyi ilə oynayırlar...”

Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır. Abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində (V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar istisna olmaqla) əvvəlcə abituriyentlərin, bundan sonra isə subbaka¬lavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.

Son illərdə ixtisas seçimi etmək üçün abituriyentlər bu işi bilən şəxslərə müraciət edirlər. Müəyyən ödəniş müqabilində onlar üçün ixtisas seçimi aparılır. Bu hal artıq tendensiyaya çevrilir.

Maraqlıdır, imtahanda yüksək bal yığan abituriyentlər sıra ixtisas seçiminə gəldikdə niyə çətinlik çəkirlər?

Təhsil eksperti Elçin Muradov Demokrat.az-a açıqlamasında deyib ki, əksər abituriyent və valideynlər ixtisas seçimində vacib olan göstəricilər haqqında məlumatsız olurlar:

“İxtisas seçimi zamanı təhlil və müqayisə aparılmalıdır. Abituriyentlərin, eləcə də valideynlərin əksəriyyəti statistikanı, cari illə əvvəlki il arasındakı bal fərqini aydınlaşdırmaqda çətinlik çəkir. İxtisas seçimi zamanı bu məqamlara diqqət yetirilməlidir, əks halda nəticə uğursuz ola bilər. Düşünürəm ki, ixtisas seçimində peşəkar şəxslərin köməyinə ehtiyac var.

Dövlət İmtahan Mərkəzində bunun üçün abituriyent məsləhət mərkəzləri yaradılıb, amma orada cavan kadrlar üstünlük təşkil edir, ixtisas seçimi barədə geniş təcrübəyə sahib deyillər.

Düşünürəm ki, həmin mərkəzə peşəkar şəxsləri cəlb etmək lazımdır. Abituriyent üçün ixtisas seçimi edən şəxs buna vaxtını ayırır, ona görə də müəyyən ödəniş müqabilində bu işi görməli olur”.

Ekspert qeyd edib ki, bu vəziyyətdən də sui-istifadə halları yaranıb:

“Əvvəllər ixtisas seçimində peşəkarlaşmış şəxslər abituriyentlərə kömək edirdilər, heç bir ödəniş olmadan, amma indi bu iş də biznesə çevrilib təəssüf ki. Vəziyyəti təhlil etmədən abituriyentlər üçün ixtisas seçimi edib onların taleyi ilə oynayırlar.

Hesab edirəm ki, DİM bununla bağlı bir ölçü götürməlidir, təcrübəsiz şəxslərin sırf pula görə bu işə əl atması qəbul olunmazdır. Bu işə illərini vermiş təcrübəli insanlar var, onlara müraciət etmək lazımdır. Təssüf ki, valideynlər bunu görə bilmirlər, sadəcə kiməsə ümid edirlər.

Daha çox tiktokda belə hallar yaşanır – 60-70 bal toplayan şəxslərə deyirlər ki, bizə müraciət et, qəbul olmağına zəmanət veririk, amma bu, mümkünsüzdür. Bu məsələlər nəzarətdə saxlanılmalıdır, sosial şəbəkələrdə başladılan bu biznesin qarşısı alınmalıdır. İxtisas seçimində hamının məsləhətə, köməyə ehtiyacı ola bilər, amma bunun üçün peşəkarlara müraciət etmək lazımdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova