Dünyada aylardır davam edən yüksək temperatur yerini soyuq havalara verir.Avropanın Kopernik İqlim Müşahidə Xidmətinin alimləri dünyada 13 aydır davam edən rekord yüksək temperaturun başa çatdığını elan ediblər. Qurumun rəsmi saytında göstərilir ki, 2024-cü ilin iyulu 2023-cü ilin iyulundan bir qədər sərin keçib. Qlobal temperaturun aşağı düşəcəyi bildirilir.
Ekoloq Ənvər Əliyevin sözlərinə görə Avropanın şimalında yağıntılar həddindən çoxdur, quraqlıqdan söhbət gedə bilməz, o cümlədən Kanada və Amerikanın şimalında da iqlim şəraiti eynidir, Afrikada isə quraq iqlimdir. Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, planetin bir hissəsində yağıntıların çox olması, bir hissəsində quraqlıq olması normaldır, bu, təbitəin qanunauyğunluğudur:
“Bunun qlobal istiləşməyə necə təsiri ola bilər ki, planetə düşən yağıntı ilə buxarlamanın balansı pozulmayıb. İqlimi dəyişdirən əsas amillərdən biri Yerin fırlanma oxunun fırlanma müstəvisinə olan nisbətidir ki, bu da dəyişilməyib.
Azərbaycana gəlincə isə Naxçıvana keçən il xeyli miqdarda yağıntı düşdü, ondan əvvəlki il quraqlıq oldu. Bu il yağıntılar fantastik dərəcədə artıb, bu hal Azərbaycan üçün xarakterik deyil. Xəzərin suyunun çox olan hissələrinə də xeyli yağıntı düşüb. Bu da subasma hadisələrini artırıb.
Ötən əsrin 60-ci illərində Bakıda qardan, çovğundan tərpənmək olmurdu, rayondan Bakıya gəlmək mümkün deyildi, uşaqlar məktəbə gedə bilmirdilər.
Ötən illər ərzində yağıntılı havalar yerini quraqlığa verdi, indi isə yenidən yağıntılar başlayacaq. Yəni təbiətdə hər şey təkrarlanır, təbiət hadisələri dövr edir”.
Törə Zeynallı Demokrat.az


