Gündəm Özəl

"Uşaqlarda bəzi xəstəliklərə görə peyvənd əks göstəriş ola bilər" — Pediatr

Uşaqlarda bəzi xəstəliklərə görə peyvənd əks göstəriş ola bilər — Pediatr

Xəbər verdiyimiz kimi, ölkədə uşaqların immunizasiyası üzrə yeni təlimat təsdiqlənib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə hazırlanan təlimatı səhiyyə naziri təsdiqləyib. Səhiyyə Nazirliyindən bildirilib ki, bu təlimat ölkədə həyata keçirilən İmmunizasiya Proqramının əhəmiyyətli şəkildə genişləndirilməsinə təkan verəcək. Təlimatda vaksinasiyaya əks-göstərişlər və ilk dəfə olaraq gecikmiş peyvənd cədvəli haqqında müasir məlumatlar əksini tapıb.

Pediatr Qoşqar İsmayılov Demokrat.az-a açıqlamasında sözügedən təlimatın təsdiqlənməsini müsbət hadisə kimi qiymətləndirib:

“Təlimatda peyvəndin saxlanması və daşınması, tətbiqi üsulları, həmçinin vurulduqdan sonra əlavə təsirləri haqqında məlumatlar yer alır. Azərbaycanda tətbiq olunan profilaktik peyvəndlər təqvimində olmayan vaksinlər haqqında da təlimatda məlumat var. Azərbaycanda vaksinasiyaya önəm verilir. Günümüzdə yayılan xəstəliklərə uşaqların yoluxmasının qarşısını almaq və ya xəstəliyi yüngül keçirmələri üçün peyvənd əvəzolunmaz vasitədir. Təəssüf ki, bəzi valideynlər övladlarını peyvənd etdirməkdən imtina edirlər. Mənə müraciət edən bütün valideynlərə peyvəndin göstəriş olduğunu deyirəm və uşaqlarını mütləq peyvənd etdirmələrini tövsiyə edirəm. Uşaqlarda bəzi problemlər olarsa, peyvənd əks göstəriş ola bilər, bu, istisna haldır. Düşünürəm ki, cəmiyyətdə, valideynlər arasında peyvəndlə bağlı maarifləndirmə işini gücləndirmək lazımdır. Hesab edirəm ki, yeni təlimatın təsdiqlənməsi ilə vaksinasiya ilə qarşısı alına bilən xəstəliklərdən qorunmaq daha əlçatan olacaq”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova