Gündəm Özəl

"Tələbat artarsa, reyslərin də sayı artırılmalıdır" — Ekspert

Tələbat artarsa, reyslərin də sayı artırılmalıdır — Ekspert

AZAL yay tətilinin tezliklə başa çatması və tədris ilinin başlanması ilə əlaqədar Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın artacağı ilə bağlı məlumat yayıb. "Azərbaycan Hava Yolları" QSC – AZAL-ın məlumatında qeyd edilən istiqamətdə səyahət etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri öncədən əldə etmək tövsiyə olunur. Məlumatda qeyd edilir ki, hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə hər gün 20-dən çox reys həyata keçirilir. Zərurət yaranarsa, bu istiqamət üzrə uçuşların sayı artırılacaq. Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Odur ki sərnişinlərə ən uyğun uçuş vaxtını seçmək və narahatlıqla qarşılaşmamaq üçün aviabiletləri öncədən almaq məsləhət görülür. Mülki aviasiyanın işi müəyyən plana uyğun təşkil olunur. Bu plana bir çox aspektlər, eləcə də uçuş cədvəli, təyyarələrin uçuşdan əvvəl hazırlanması, yekun yoxlamalar və digər məsələlər daxildir. Təkcə iyul ayında AZAL yüksək tələbatla əlaqədar olaraq Naxçıvana 745 uçuş həyata keçirib. Bir ay ərzində xidmət göstərilən sərnişinlərin ümumi sayı 85 mindən çox təşkil edib.

Turizm eksperti Ceyhun Aşurov Demokrat.az-a açıqlamasında bildirdi ki, Bakı-Naxçıvan aviareysinə ümumiyyətlə, həmişə tələbat yüksək olub:

"İndi isə mövsümlə əlaqədar tələbatın daha da artacağı labüddür. Gün ərzində bir neçə reys həyata keçirilir. Əlbəttə, tələbat artarsa, reyslərin də sayı artırılmalıdır. Mövsümlə əlaqədar tələbatın artması hər zaman müşahidə edilir. Təkcə aviareyslərdə deyil, digər nəqliyyat vasitələrində də. istər şəhərlərarası avtobuslar olsun, istərsə də dəmir yolu nəqliyyatında. Daşıyıcı şirkətlər bunu nəzərə almalı və tələbata uyğun qrafik tərtib etməlidirlər".

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova