Sosial Özəl

"Hələ görməmişəm ki, ailə məsələyə başqa cür yanaşsın..." — Həkim körpə ölümündən danışdı

Hələ görməmişəm ki, ailə məsələyə başqa cür yanaşsın... — Həkim körpə ölümündən danışdı

Xəbər verdiyimiz kimi, Mingəçevir şəhərində körpə doğuşdan sonra dünyasını dəyişib. Kəlbəcər rayon sakini Ş.Abdullazadənin Mingəçevir Mərkəzi şəhər Xəstəxanasının doğum şöbəsində dünyaya gətirdiyi oğlan uşağı ölüb. Ananın vəziyyəti isə orta-ağır qiymətləndirilir. Yaxınları ananın və körpənin doğuşdan öncə səhhətlərində hər hansı problemin olmadığını deyiblər. Xəstəxanadan bildirilib ki, körpənin ölüm səbəbi hələ məlum deyil, araşdırma aparılır.

Ginekoloq Təranə Həsənova Demokrat.az-a açıqlamasında söyləyib ki, doğuş zamanı körpə ölümünün bir çox səbəbi var:

“9 ay qadının səhhətində yaranan problemlər doğuş zamanı körpənin ölməsinə gətirib çıxara bilər. Hamiləlik vaxtı ananın yoluxduğu infeksiyalar olur. Günümüzdə infeksion xəstəliklərin sayı artıb. Bundan başqa xroniki xəstəliklər hamiləlik vaxtı aktivləşir və dölə öz mənfi təsirini göstərir. Qadındakı bəzi xəstəliklər hamiləlik vaxtı həkim tərəfindən müəyyən edilib müalicə edilə bilir. Bəzi xəstəliklər, infeksiyaları isə aşkar etmək olmur. Bu zaman dölün bətndaxili inkişafına təsir edir, inkişafda ləngimələr yaranır, doğuş vaxtı isə ölüm halı baş verə bilir. Ölüm vaxtı bətndaxili də ola bilər, doğuş zamanı da, doğuşdan bir müddət sonra da. Uşaq ölümlərinin hər üç halı bir-biri ilə sıx əlaqəlidir.

Ailələr çox vaxt günahı həkimdə görürlər, hələ görməmişəm ki, ailə məsələyə başqa cür yanaşsın. Bu suala düzgün cavabı 9 ay qadının hamiləliyinə nəzarət edən həkim verə bilər. Qadının aybaay verdiyi analizlər, nəticələri, usm müayinələrinə əsasən deyə bilərik ki, doğuşa qədər qadında və ya döldə hansısa problem olub ya yox. Qadına adi görünən problemlər doğuş vaxtı ölümə səbəb ola bilər. Ölümün səbəbini ən dəqiq məhkəmə tibbi ekspertizası deyə bilər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova